Parlament seçkisi Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır

"Gürcü xalqının yarıdan çoxu parlament seçkisində sülh və sabitliyə, Gürcüstan-Azərbaycan dostluğuna səs verdi. Bu seçki Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır".

Bunu "Report"a SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib.

"Gürcüstandakı parlament seçkisi bölgədə sülh və sabitliyin qorunub saxlanılması baxımından vacib bir hadisə idi. Azərbaycanda da bu seçki nəticələrinin necə olacağı baxımından maraqla izlənilirdi. Nəticə çox yaxşıdır. Hakim partiya Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayır, Qərbin burada mənfi təsirinin qarşısını alır. Sabit Gürcüstan isə həm də Azərbaycan üçün vacibdir", - o deyib.

K.Ramazanlı qeyd edib ki, bu gün Gürcüstanda yarım milyona qədər soydaşımız yaşayır:

"Soydaşlarımızın kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani bölgələrində, eləcə də Zalqa rayonunda əhalinin əksəriyyəti "Gürcü arzusu"na səs verdi. Hakim partiya ən çox Bolnisi sakinləri tərəfindən dəstək alıb. Qeyd edim ki, bu rayonun əhalisinin 75 faizini bizim soydaşlar təşkil edir. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olmasını nəzərə alaraq, soydaşlarımız hakim partiyaya dəstək ifadə etdilər. Hesab edirəm ki, onlar Azərbaycan-Gürcüstan münasibətlərində mühüm körpü rolunu oynayır, bu münasibətlərin inkişafına mühüm töhfə verirlər".

0.069507122039795