Fuad Əliyev: Moskvada danışıqlar aparıb tarixi sülh sənədinə imza ata bilərlər

“Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb”.

“Yeni Müsavat” bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da  parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı belə deyib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr, Azərbaycanın isə 86,600 kv. km olduğunu qəbul edərək”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Almatı Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Baş nazirin fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

Maraqlıdır, əgər Paşinyanın dediyi kimi, təklif etdiyi üç prinsiplə bağlı razılaşma əldə edilibsə, digər iki mühüm bəndlərlə bağlı hansı problemlər var? Əgər dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, “dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi” prinsipində niyə razılıq əldə edilməsin və ya niyə Ermənistanın baş naziri bunu “yaddan çıxarsın”?

Siyasi ekspert Fuad Əliyev hesab edir ki, “unudulan” iki bənd mahiyyətcə ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra öz həllini tapmış ola bilər: 

“Amma işimizi möhkəm tutmaq üçün həmin müddəaları sülh mətninə salmaq vacibdir. Əslində İrəvan erməni cəmiyyətini mərhələli şəkildə sülhə hazırlayır. Paşinyan çıxışında 86,600 kv. km deyəndə erməni xalqını tərpətmir. Deməli, erməni ictimaiyyəti bütün Qarabağın Azərbaycana aid olması, "Dağlıq Qarabağ"ın keçmişdə qalması ilə barışıb. Həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır” demişdi, indi isə tam tərsini xalqına həzm etdirir. O cəhətdən sülh müqaviləsinin də gec-tez imzalanacağına inanıram. Çünki Paşinyan sülh olmadan nəqliyyat kommunikasiyalarının blokadadan çıxmayacağını dərk edir. Türkiyə və Azərbaycanla yolların açılmasından danışmaqla ictimai rəyi buna hazırlayır".

Ekspert həmin iki mühüm bəndi sülh mətninə salmağın çətin olmayacağını düşünür: 

“Əsas məsələ sülh mətnini razılaşdırmaq üçün danışıqların aparılmasıdır. Rusiya lideri Bişkekdə tərəfləri Moskvaya dəvət etdi. Dedi ki, delimitasiya texniki işdir, 5 metr o yana, 10 metr bu yana... Yəni Putin demək istədi ki, əsas sülh sazişini bağlamaqdır, qalan işlər düzələcək. Bunun üçün Makron Paşinyanın yaxasından düşməlidir, Fransadan Ermənistana xeyir gəlməyəcək. Gəlib Moskvada danışıqlar aparıb tarixi sülh sənədinə imza ata bilərlər”.

0.66064596176147