Balın sağlamlıq üçün faydalarından tam şəkildə yararlanmaq və dadını həqiqətən hiss etmək üçün təbii balı seçmək vacibdir. Lakin bazarda çoxlu sayda saxta məhsul var, və insanlar çox vaxt bilmədən saxtasından istifadə edirlər. Şəkər şərbəti və əlavə maddələrdən hazırlanan saxta bal isə əsl balın əksinə, orqanizm üçün zərərli ola bilər.
Xeber-ps.com-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə türkiyəli mütəxəssislər xəbərdarlıq ediblər.
Ekspertlər təbii və həqiqi balı saxta baldan ayırmaq üçün bəzi asan üsullar tövsiyə ediblər. Onları təqdim edirik:
Su testi
Əsl balı saxtasından fərqləndirmək üçün istifadə edə biləcəyiniz ən sadə üsullardan biri su testidir. Təbii bal suya töküldükdə həll olmur və dibə çökür. Saxta balın tərkibindəki şəkər şərbəti isə suya qarışacaq. Bu üsulu sınamaq üçün bir qaşıq balı bir stəkan suya tökün. Əgər bal dağılmadan dibə çökərsə, o, təbiidir.
Yandırmaq
Balın orijinal olub-olmadığını yoxlamağın digər bir asan üsulu yandırmaqla bağlıdır. Bir kibrit çöpünü yandırıb balın içinə salın. Kibrit bir müddət də yanmağa davam edərsə, bal təbiidir. Bunun səbəbi odur ki, təbii bal su tərkibinə malik deyil. Saxta balda isə su və əlavə maddələr olduğundan alov sönür.
Rəng və qatılıq
Orijinal bal saxta bala nisbətən daha tünd rəngə və qatı konsistensiyaya malikdir. Təbii balı qaşıqla tökməyə başlayanda ip kimi uzanır və kəsilmədən axır. Saxta bal daha açıq rənglidir və axıcıdır, qaba tökəndə axaraq qabın içinin formasını alır. Həqiqi bal isə qabın dibində qat-qat üst-üstə yığılır.
Kristallaşma testi
Əsl bal uzun müddət gözlədikdə kristallaşmağa başlayır. Təbii bal zamanla bərkiyib kristal halına gələcək. Saxta bal isə tərkibindəki əlavə maddələr səbəbindən uzun müddət öz strukturunu qoruyur və kristallaşmır. Balınız aylar keçsə də maye formasını qoruyursa, yəqin ki, saxtadır.