2020-ci il oktyabrın 23-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi yeddinci günü.
Xeber-ps.com xatırladır ki, bütün cəbhə boyu ərazilərdə döyüşlər davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silah, minaatan və toplardan atəşə tutur. Ordumuz cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində düşmənə ciddi zərbələr vurur. Ermənistan ordusunun bir neçə dayaq məntəqəsi dağıdılır, vacib ərazi və yüksəkliklər azad edilir, əsas ehtiyatlarına, hərbi infrastrukturuna ciddi zərbə vurulur. Döyüş texnikası, silah-sursat, ərzaq və hərbi ehtiyat çatışmazlığı yaşayan düşmən yenidən dinc əhalini və yaşayış məntəqələrini hədəfə almaq məqsədilə Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutur.
Düşməndən fərqli olaraq, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız mübarizəni üstünlüyünü saxladığı döyüş meydanında davam etdirir. Gün ərzində Ermənistan silahlı qüvvələrinin üç pilotsuz uçuş aparatı (PUA) müdafiə bölmələrimiz tərəfindən aşkarlanaraq məhv edilir. Digər iki PUA-sı isə xüsusi texniki vasitələrlə yerə endirilir. Ardınca düşmənin yerdəyişmə etməyə hazırlaşan canlı qüvvəsi və zirehli texnikası, artilleriya bölmələri, komanda məntəqələri sıradan çıxarılır.
Bütün bunların fonunda Prezident İlham Əliyev növbəti dəfə xalqımızı sevindirən xəbəri təqdim edir. Ölkə başçısı bu dəfə müzəffər Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli, Qubadlı rayonun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Beləliklə, müharibənin iyirmi yeddinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib