Mütəxəssislərin proqnozlarına görə, zaman keçdikcə ermənilər hissə-hissə geri qayıdacaq, lakin Paşinyan 3 mindən çox Qarabağ ermənisinin xaricə getdiyini açıqlayıb. Siyasi şərhçi Fuad Əliyev “Yeni Müsavat”a açıqlama verib.
Onun sözlərinə görə, o, də gözləmir ki, Qarabağ ermənilərinin əksəriyyəti qayıtsın. Onun fikrincə, bir çoxu fürsət bilib Avropada sığınacaq almağa çalışacaq:
“Onların sayı da çox deyil. Ermənistanın şişirdiyi 120 min rəqəmi inandırıcı görünmür, uzaqbaşı 40-45 min erməni olsun, onun da yarısı Qərb ölkələrinə axın edə bilər, qalanlarını da Ermənistan hökuməti təmin edəcək. Məncə, reinteqrasiya məsələsi də bitdi. Amma bunu biz istəmədik, özlərinin seçimi idi. Azərbaycan bu gün də təklif edir ki, vətəndaşımız kimi yaşaya bilərlər. Sadəcə, nəzərə alın ki, gedənlərin çoxu Ermənistan vətəndaşıdır. Onlar qondarma rejimin əski parçası olan ”pasport"la yanaşı Ermənistan vətəndaşlığını daşıyırlar. Sizcə, hansı Xankəndi ermənisi Ermənistan pasportunu atıb Azərbaycan vətəndaşlığını qəbul etmək üçün geri qayıdar? Hələ bir çoxunun döyüşlərdə iştirak etməsi, Birinci müharibədə bizə qarşı vuruşması da istisna deyil. Bizə də xoşdur ki, Qarabağ ermənisiz olsun. Onlardan bizə qonşu, vətəndaş olmaz. Əlbəttə ki, vətəndaşlığı təklif edirik, amma xalq olaraq da onları arzu etmirik".