Avropa Komissiyası Ermənistandakı “məcburi köçkünlərə” 10,3 milyon avro yardım ayırıb.
Avropa İttifaqının rəhbəri Şarl Mişel isə Aİ-nin 2021-ci ildən Ermənistana vəd etdiyi 2 milyard avronu xatırlayıb. Bəs, azərbaycanlı məcburi köçkünlər və qaçqınlar niyə Avropanın yadına düşmədi?
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev Tribunainfo.az-a danışıb ki, Qərb I Qarabağ müharibəsində ev-eşiyindən didərgin düşənləri, gülləbarandan qaçanları, çadırlarda, vaqonlarda yaşayanları görməzdən gəldi, amma gülə-gülə, şokolad, peçenye yeyə-yeyə rahat maşında bölgəni könüllü tərk edən ermənilərin “dərdini” çəkməkdədir.
Fuad Əliyev hesab edir ki, bu bir daha Qərbin ikiüzlü və ədalətsiz olduğunu sübut edir. Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilərə qaçqın statusu verilə bilməz, çünki onları qovan olmayıb:
“Əksinə, Azərbaycan onları qalmağa dəvət etdi, vətəndaşlıq təklif elədi, bütün sosial-iqtisadi, humanitar dəstəyini açıqladı, amma onlar qalmadılar, zorla saxlaya bilməzdik. Əgər könüllü gediblərsə, buna qaçqınlıq demək olmaz. İndi də qapı açıqdır, evlərinə qayıda və yaşaya bilərlər. Artıq Xankəndidə miqrasiya xidməti işini görür, qeydiyyat aparılır, getməyən ermənilər vətəndaşımız kimi yaşayacaqlar. Ona görə Avropa Birliyi və Avropa Komissiyası o vəsaiti müharibədən zərər çəkən Azərbaycana, dağılmış şəhərlərin bərpasına ayırmalıdır”.