Ermənistanın sülh sazişi imzalamaqdan uzaqdır, Paşinyanı sülh maraqlandırmır, ya qorxur, yada Fransanın tapşırığını yerinə yetirir.
Bunu "Xalq Cəbhəsi"nə Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiasında olub.
QHT sədri vurğulayıb ki, baş nazirin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir: "Paşinyan qorxaqdır, ikiüzlüdür, o, heç vaxt öz iradəsi ilə hərəkət etməyib. Bir yandan ölkədə qruplaşmalar, bir yandan məğlubiyyət, bir yandan əhalinin indiki rejimə qarşı üsyanı, bir yandan da Fransanın təsiri Paşinyanı sözün əsl mənasında ağlını əlindən alıb. Bu adam nə danışdığını, nə etdiyini bilmir, nəticəni fikirləşmir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olmalıdır. Əgər bölgədə sülh şəraitində yaşamaq istəyirsə, rəsmi Bakının mövqeyini dəstəkləməli və destruktiv siyasətindən əl çəkməlidir. Ermənistan, Paşinyan qanunsuz, destruktiv və təhlükəli əməllərinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdlərinə son qoymalıdır. Yoxsa başı çox ağrıyacaq".