Cavid Hüseynov: "Səbail"ə baş məşqçi təyin olunduğum üçün xoşbəxtəm"

"Bu kluba baş məşqçi təyin olunduğum üçün xoşbəxtəm".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Səbail" kimi kollektivdə fəaliyyət göstərmək və bu klubun uğurları üçün çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu komandanın qarşısına qoyulan hədəflərdən danışıb:

"Reallıq odur ki, komandamızın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Bu səbəbdən əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində bu çətin missiyanı həyata keçirə biləcəyik".

C.Hüseynov "Səbail"in heyətində yer alan futbolçuların yüksək potensiala malik olduğunu bildirib:

"Mənə bu klubda işləməklə bağlı təklif gələndə bəzi şəxslərlə məsləhətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxdur. "Turan Tovuz"da köməkçi məşqçi olaraq çalışarkən "Səbail"i rəqib kimi təhlil edəndə də komandanın yüksək potensialı olduğunu hiss edirdim".

Qeyd edək ki, gənc mütəxəssis paytaxt təmsilçisi ilə yollarını ayıran Şahin Diniyevi əvəz edib. "Dənizçilər" C.Hüseynovla 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.

0.090219974517822