Cənubi Qafqazı bütövlükdə özünün çətiri altına salmağa çalışan ABŞ-ın bu regionda əsas oyunçu olan Azərbaycanı hədəfə alması regionda yeni təhdid elementi kimi dəyərləndirilməklə yanaşı, birmənalı qarşılanmır. 907-ci düzəliş, sanksiyalarla Azərbaycanı təhdidlə qorxudacağını zənn edən ABŞ, nəhayət onunla öz dilində danışmağı bacaran tərəflə qarşlıqlı münasibətlərin tənzimlənməsi istiqamətində yeni manevr imkanlarını da sınaqdan keçirmiş oldu. ABŞ-ın Dövlət katibi Blinkenin Azərbaycan Prezdentinə zəngi, etdiyi xahişlər adekvat reaksiya ilə qarşılanmaqla ikitərəfli münasibətlərin normallaşmasına yeni şans tanıdı.
Amma ABŞ dövlət katibi Azərbaycan Prezidentinə etdiyi telefon zəngindən sonra ikitərəfli münasibətlərin normallaşması üçün regionla bağlı siyasətində hansı korrektələri etməli olduğunu anladımı?
Siyasi ekspert Fuad Əliyev ABŞ-ın illərdir Azərbaycana qarşı olan neqativ münasibətinin son 1 ay ərzində daha qabarıq şəkildə göründüyünü bildirib.
Fuad Əliyev qeyd edib ki, ikili standrtlı yanaşmalar son illər ərzində göz qabağında olub:
“Biz bunu ATƏT-in Minsk Qrupunun fəaliyyətində, digər beynəlxalq tədbirlərdə, Konqresin Azərbaycana qarşı 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişlərdə gördük. ABŞ 44 günlük vətən müharibəsi dövründə haqlı olduğumuza dair Azərbaycana dəstək bəyanatı vermədi. Əksinə, işğalçı Ermənistanın tərəfini tutdu, dəstəklədi. Bu illər ərzində ABŞ qondarma bir quruma milyonlarla vəsait ayırdığı halda, müqayisədə Azərbaycana çox az miqdarda yardımlar verirdi. ABŞ getdikcə Azərbaycana qarşı haqsız münasibətini genişləndirirdi. Üzdə gülür, arxada zərbə vurmağa çalışırdı”.
Fuad Əliyev ABŞ-ın Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən bəzi siyasi təşkilatlar, media qurumları, QHT-lər vasitəsi ilə cəmiyyətdə bir çaşqınlıq yaratmaq istədiyini, dövlətə, cəmiyyətə qarşı planlarını bu gün də davam etdirdiklərini deyib. O, hesab edir ki, Entoni Blinkenin konqresdəki son çıxışı ABŞ-ın bütün hüdudlarını aşdığını göstərir.
Fuad Əliyevin fikrincə, buna görə də rəsmi Bakı çox düzgün addım ataraq ABŞ rəsmilərinin Azərbaycana girişinə qadağa qoydu, SOROS və digər bəzi təşkilatların fəaliyyətini dayandırdı. Ekspert hesab edir ki, nəinki ABŞ-ın, digər ölkələrin də Azərbaycanda bu cür fəaliyyəti aşkarlanmalı, adekvat addımlar atılmalıdır:
“Bilinken telefonda Prezident İlham Əliyevdən xahiş edib ki, köməkçisinin dekabr ayında Azərbaycana gəlməsinə icazə verilsin. Prezident də Azərbaycanın yüksək səviyyəli məmurlarının ABŞ-a girişinin təmin olunması şərti ilə buna icazə verdi. Mətbuatdan da göründüyü kimi, Blinken bununla razılaşıb”.
Fuad Əliyev vurğulayıb ki, bu gün Azərbaycan 30 il qabaqkı Azərbaycan deyil:
“Bizimlə hər hansı bir formada təzyiq dili ilə danışa bilməzlər. Dostluq etmək istəyirlərsə, normal münasibətləri qoruyub unkşaf etdirmək lazımdır. Azərbaycan iqtisadi potensial, hərbi baxımdan güclüdür. İstənilən addımlara adekvat cavab verə bilər. Ona görə də Qərb ölkələri, xüsusilə ABŞ, Fransa bilməlidir ki, regionda Azərbaycan kimi bir güc formalaşıb və bununla hesablaşmaq lazımdır. Onlar bunu nə qədər başa düşsələr, bu, himayə etdikləri Ermənistan üçün də yaxşı olacaq, elə özlərinin də regionda normal fəaliyyətinə şərait yaranacaq. Əks təqdirdə, Azərbaycanda fəaliyyətləri görünməyəcək. Onların Azərbaycana qarşı planları alınmayacaq. Azərbaycanla yaxşı münasibət qurmaq istəyirlərsə, Ermənistanı bizə qarşı qızışdırmalı deyillər. 2020-ci il 27 sentyabr, 2023-cü il 19 sentyabrda atılan addımların nəticəsi bunu təsdiq edir. ABŞ-da, Fransa da bunu anlamalıdır”.