“Vətəndaş cəmiyyəti bu məsələdə fəal olmalıdır”
Bunu prezidentliyə eks-namizəd, politoloq Fuad Əliyev Fransanın son davranışlarına etiraz edilməsinin tərəfdar olduğunu bildirərərk qeyd edib: “Vətəndaş cəmiyyəti bu məsələdə fəal olmalıdır. Qeyri-hökumət təşkilatları ayağa qalxmalıdır və Fransaya etirazını bildirməlidir. Onlar Azərbaycanda ermənilərin yüksək status almasını tələb edir. Əvvəlcə, Korsika üçün bunu özləri etsinlər. Fransa öz ərazisində azsaylı bir topluma muxtar status verməz. Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır. Əgər yaxşıdırsa, Fransa Qarabağ ermənilərinə öz şəhərlərindən birində bu hüququ versin, "artsax" separatçılarına da Marseldə yerləşməyə şərait yaratsın. Onsuz da Hadrutun keçmiş oyuncaq meri bugünlərdə müsahibə verib ki, “artsax” Fransada yaşaya bilər. Biz də bu ideyanı dəstəkləyirik. Hara gedirlər getsinlər, Qarabağa gəlməsinlər".
Fuad Əliyev Azərbaycan cəmiyyətinin də aktiv olmasını və Fransa hakimiyyətinə sərt etiraz səsini çatdırmasını zəruri sayır. O, Qərb təşkilatlarının da Fransadan geri qalmadığını düşünür:
“Avropa özünə etimadı itirir. Qərb dəyərlərinə dəyərsizlik qatır. Bu işdə Avropa Birliyi və Fransa başda gedir. Avropa Parlamenti, Avropa Şurası, ABŞ Konqresi, Kanada, USAİD, Blinkenin kabineti bir klub və kampaniya şəklində iştirak edirlər. Sanki eyni mərkəzdən gələn təlimata uyğun olaraq anti-Azərbaycan kursu götürülüb. Faktiki olaraq, Azərbaycan Qərbin hücumlarına məruz qalıb. Fransa, Kanada kimi ölkələr sanksiyaları belə istisna etmirlər. Amma biz düz yoldayıq, heç bir konvensiyanı pozmamışıq. Ona görə də beynəlxalq təzyiqlər siyasi xarakterlidir və hiyləgər qüvvələrin Cənubi Qafqaz planlarının tərkib hissəsidir. Bu mənada vətəndaş cəmiyyətini bir olmağa və qərəzli çağırışlara, qətnamələrə etiraz bildirməyə dəvət edirəm”.