Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Şəfa" klubunun iki futbolçusunu 4 oyunluq diskvalifikasiya edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Şəfa" - "Difai" oyununun 105-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb. "Şəfa"nın digər futbolçusu Elvin Hüseynzadə də eyni səbəbdən 4 oyunluq cəzaya məruz qalıb.
Futbolçuların yol verdiyi intizamsızlıq səbəbindən klub ümumilikdə 600 manat cərimələnib.
"Difai"nin futbolçusu Bəşir Ayralov isə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılıb. Onun klubu 200 manat cərimələnib.
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Qaradağ Lökbatan" - "Karvan" matçından sonra qonaqların futbolçusu Kənan Quliyev stadionun infrastrukturuna zərər yetirdiyinə görə 1 oyun cəzalanıb, onun klubu isə 100 manat cərimələnib. Bununla yanaşı, stadionun infrastrukturuna vurulmuş zərərin məhz "Karvan" klubu tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.
"Qaradağ Lökbatan" klubu da 100 manat cərimələnib. Buna FHN avtomobilinin stadiona gec gəlməsi səbəb olub.