Dünyanın mətbu orqanları Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini geniş işıqlandırıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin mətbu orqanlarında dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrikləri, Azərbaycan xalqının seçkiyə və seçki sonrası proseslərə yanaşması, rəsmi şəxslərin açıqlamaları, ekspert rəylərinə geniş yer verilib.

Xəbərlər arasında Rusiya Prezidenti Vladimir Putinin, Venesuela Prezidenti Nikolas Maduronun və digər dövlət başçılarının təbriklərinə yer verilib.

Almaniyanın “ZDF” telekanalı, Argentinanın “realpolitik.com.ar”, İndoneziyanın “Radio Republik İndoneziya” radiosu, Rusiyanın “Vedomosti”, Bəhreynin “newsofbahrain.com” portalı, Çilinin “el periodista” saytı və digər media orqanları seçkinin gedişi, nəticələri, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə səsvermə prosesi barədə yazıblar. Qeyd edilib ki, seçkidə müşahidə aparmaq üçün 790 nəfəri beynəlxalq müşahidəçi olmaqla, minlərlə müşahidəçi, siyasi partiyaların təmsilçiləri və qeyri-hökumət təşkilatlarının üzvləri prosesin azad, şəffaf və demokratik şəraitdə keçdiyinə şahid olublar. Xüsusilə diqqətə çatdırılıb ki, bu seçki Azərbaycan müstəqilliyinin bərpasından sonra bütün ölkə ərazisində baş tutan ilk seçki kimi ölkə tarixinə düşüb.

“ZDF” telekanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayımlayıb. Müsahibədə Azərbaycan Prezidentinin bəzi fikirlərinin xarici mətbu orqanlarda təhrif olunmasına da aydınlıq gətirilib, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddialarında olmadığı bildirilib. Lakin bununla yanaşı, azərbaycanlıların tarixən indiki Ermənistan ərazilərində yaşamalarının danılmaz fakt olması, həmin insanların dədə-baba torpaqlarını ziyarət etmək hüququna malik olmalarının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarına sadiqlik nümayiş etdirməli, kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz hərəkətin təmin olunmasına şərait yaratmalıdır.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın heç bir hərbi məqsədlər güdmədiyini, ölkəmizin ərazi bütövlüyü tam bərpa edildikdən sonra prosesin hərbi hissəsinin başa çatdığını diqqətə çatdırıb. Qeyd edib ki, hərbi mərhələdə belə Azərbaycan əməliyyatları BMT-nin İnsan Haqları Xartiyasının 51-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazilərində aparıb. Bütün bu məsələlərlə bağlı ərazi bütövlüyü mövzusunda ikili standartlar və selektiv yanaşma olmamalıdır.

Digər mətbu orqanlarında da Azərbaycanın son illərdə yürütdüyü siyasət, dövlət başçısının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinin əhalinin seçkidə aydın qərar verməsinə və Prezident İlham Əliyevin 92,05 faiz səslə qalib gəlməsinə aparıb çıxardığı vurğulanıb. Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanların böyük coşqu və sevinclə bayram etməsi, səsvermədən öncəki sorğuların seçkinin nəticələri ilə üst-üstə düşdüyü diqqətə çatdırılıb.

2.1022789478302