Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Məşğulluq və Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlarına cavab verib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı o, "POLITICO"ya açıqlama verib.
"Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumdakı biabırçı korrupsiya əməllərini görür. Azərbaycanın əleyhinə yüksək səslə çıxış edənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hökumətinin piar kampaniyasının bir hissəsidir", - Prezidentin köməkçisi bildirib.
"Mən, həmçinin Avropa İnsan Hüquqları üzrə Komissarına başqalarına mühazirə oxumaq əvəzinə, Avropa İttifaqında artan insan haqları problemlərini ciddi şəkildə həll etməyi məsləhət görərdim. Günahsız azərbaycanlı mülki vətəndaşları qətlə yetirən erməni hərbi cinayətkarların azad edilməsi çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir", - deyə o əlavə edib.