Cəbrayılda seçicilərin aktivliyi müşahidə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbədənkənar prezident seçkisi işğaldan azad olunan Cəbrayılda seçicilərin aktivliyi müşahidə olunur.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının sədri Musa Quliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, dairədəki 83 seçki məntəqəsi üzrə ümumilikdə, 56431 seçici qeydə alınıb. İşğaldan azad olunan Cəbrayıl ərazisində fəaliyyət göstərən 80 saylı seçki məntəqəsində 1184 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində isə 419 nəfər seçici səs verəcək. Qeydə alınan seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. Dairə üzrə 1062 müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 secici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.

0.12000393867493