Sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Budəfəki seçki bu günə qədər keçirilənlərdən fərqlənir. Belə ki, bu dəfə seçki Azərbaycanın bütün suveren ərazilərində baş tutacaq.
Əlbəttə ki, Azərbaycanın bu uğurunu, seçkilərin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini hər zaman olduğu kimi həzm edə bilməyənlər var. Bağlı olduqları mərkəzlərdən təlimatlar alaraq hərəkətə keçənlər ictimai rəyi çaşdırmağa çalışırlar. Belə təşkilatlardan biri də “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDTM) və onun rəhbərliyində təmsil olunan Anar Məmmədlidir.
Qərbin ənənəvi oyuncağına çevrilən A.Məmmədli və rəhbərlik etdiyi təşkilat 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara göndərib.
SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. A.Məmmədli də 2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-nin Serakuz Universitetinin Maksvel məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.
Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb və 5 il 6 ay azadlıqdan məhrum olunub. Azərbaycan Prezidentinin 17.03.2016-cı il tarixli Əfv Sərəncamı ilə həbsdən azad edilib.
Anar Məmmədli məhz 2013-cü ildə keçirilən prezident seçkisini nüfuzdan salmaq məqsədilə ABŞ-nin Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən həbs olunsa da, azadlığa buraxıldıqdan sonra köhnə fəaliyyətindən əl çəkməyib.
Belə ki, A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM tərəfindən Azərbaycanda keçirilmiş 2018-ci il Prezident, 2019-cu il bələdiyyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsi aparılıb. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunub.
Hazırda SMDTM-in fəaliyyəti ABŞ-nin “Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilir.
7 fevral 2024-cü il tarixdə keçiriləcək prezident seçkisi çərçivəsində Anar Məmmədli aktivləşməyə çalışır. Xarici donorlara əksər dairələrdə iş aparacağını bildirsə də, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da gənclərin artıq Anar Məmmədlinin pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməməsindən irəli gəlir.
Müşahidəçi kimi cəlb edilmiş şəxslər arasında maddi imkanları zəif şəxslər üstünlük təşkil edir. Anar Məmmədli hər müşahidəçi üçün xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verir və qalan vəsaiti mənimsəyir.
Bütün bunlar onu göstərir ki, Qərbin Anar Məmmədli adlı oyuncağı artıq işə yaramır.