Türkiyənin xarici siyasət kursunda ən diqqətçəkən məqamlardan biri NATO üzrə müttəfiqi ABŞ ilə münasibətlərlə bağlıdır. Ankara və Vaşinqton bu gün təxminən mehriban düşmən kimidirlər. Türkiyə Alyans ölkəsi olmasına baxmayaraq, ayrı-ayrı regionlarda Ağ Evin siyasəti ilə razılaşmır, əksinə, lazım gələndə onu açıq şəkildə tənqid edir.
Eyni zamanda, tərəfləri yaxınlaşdıra bilən məqamlar da var. Bunlardan biri “F-35” qırıcılarının və “F-16”ların növbəti partiyasının Türkiyəyə tədarükü ilə bağlıdır. Vaşinqton bu prosesi mümkün qədər ləngitməyə çalışır. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ qırıcıların tədarükünü əlində “kozır” kimi saxlamağa, bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və mümkün qədər çox qazanclı çıxmağa çalışır. İkincisi, Ağ Ev Türkiyənin fərqli regionlarda, o cümlədən Yaxın Şərqdə, Balkan ölkələrində təsir gücünü artırmasından narahatdır.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın 31-də jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ Türkiyə ilə onun “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.
“Biz “F-35” proqramının Türkiyə üçün “S-300” və ya “S-400” raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun “F-35” proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə Ağ Ev rəsmisi bildirib.
Türkiyəyə “S-300” və “S-400” hava hücumlarından müdafiə sistemlərini tədarük edən ölkə Rusiyadır. Bu hərbi əməkdaşlıq ABŞ-ni narahat edir. Odur ki, Vaşinqton bütün vasitələrlə bu əməkdaşlığın zəifləməsinə çalışır.
ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland da bu günlərdə “CNN Türk”ə müsahibəsində əsas problem kimi “S-400”ləri göstərmişdi.
Xatırlatmaq yerinə düşər ki, Türkiyə 2019-cu ildə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldıqdan sonra “F-35” proqramından çıxarılıb. Bunun əsas səbəbi məhz Ankara ilə Moskva arasında artan hərbi əməkdaşlıqdır.
Onu da deyək ki, ABŞ Yunanıstana “F-35”lərin veriləcəyini artıq təsdiqləyib. Düşünmək olar ki, bu da təsadüfi qərar deyil və birbaşa olaraq Türkiyəni fakt qarşısında qoymağa hesablanıb. Məlumdur ki, Afina ilə Ankaranın münasibətləri heç də arzuolunan səviyyədə deyil. Belə olan halda ABŞ Yunanıstana “F-35”lər verməklə Türkiyənin “damarına basır” və ondan daha çox şey tələb etmək istəyir.
Türkiyə isə “F-16”ların yeni partiyasının tədarükü və “F-35” proqramının bərpa olunması üçün bütün səylərini ortaya qoyur. Əlbəttə, buna nail olunsa, Türkiyənin müdafiə imkanları daha da güclənəcək. Lakin hələlik görünən odur ki, qırıcıların tədarükü tərəflər arasında siyasi alış-veriş məsələsinə çevrilib. Bu arada, Türkiyə Rusiya ilə münasibətlərə baxmayaraq, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə ABŞ-nin maraqlarını nəzərə almış oldu. Çünki ABŞ NATO-nun genişlənməsində ən çox maraqlı olan tərəfdir. İndi Vaşinqton Ankaranın bu jestinə cavab verməklə ikitərəfli münasibətlərin dinamikasını qoruya bilər. Əks halda, münasibətlərdəki ziddiyyətin artması və ABŞ-nin etibarsız tərəfdaşa çevrilməsi istisna deyil.
Bu da reallıqdır ki, Türkiyə “F-35” proqramından çıxarıldıqdan sonra öz müdafiə sənayesini sürətlə inkişaf etdirməyə başladı. Bu gün Türkiyənin yerli istehsallı olan “Bayraktar”, “Hürkuş”, “Akıncı”, “Sungur”, “Aksungur” kimi texnikaları dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb etməkdədir. Bundan sonra nə “F-16”, nə də “F-35” Türkiyə üçün o qədər də taleyüklü deyil. Türkiyə müdafiə sənayesində artıq sözünü deməklə fərqli regionlarda öz maraqlarını təmin edir.
Odur ki, Ağ Ev bu barədə düşünməlidir və bilməlidir ki, prosesi uzatmağa çalışdıqca özü itirə, həmçinin Türkiyə kimi dünyada sözü keçən tərəfdaşdan məhrum ola bilər.
“Report” İnformasiya Agentliyi