Azərbaycan heç bir siyasi təzyiqə, şantaja boyun əyməyəcəyini dəfələrlə sübut edib. Avropa strukturlarının budəfəki təzyiq və şantaj dalğasının da iflasa uğrayacağı heç kimdə şübhə doğurmamalıdır.
Azərbaycan növbəti dəfə Qərbin “demokratik strukturları” tərəfindən ikili standartlı, qərəzli və heç bir siyasi çərçivəyə sığmayan münasibətlə üzləşib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətimizin etimadnaməsini təsdiq etməyib. Buna cavab olaraq Azərbaycanın qurumdakı nümayəndə heyəti tam tərkibdə AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
AŞPA-da “fransız əli”
Qurumun bu qərarı verərkən irəli sürdüyü “arqumentlər”ə nəzər saldıqda bir daha AŞPA-nın siyasi oyununun arxasında hansı əlin dayandığını açıq-aşkar görmək mümkündür. Üzdə Almaniya təmsilçisi Frank Şvabe görünsə də, anti-Azərbaycan orkestrinin əsl dirijorunun Fransa olduğu qətidir. Paris Avropanın siyasi strukturlarındakı təsir dairəsindən istifadə edərək Avropa Parlamentinin ardınca Avropa Şurasını da ölkəmizə qarşı həyata keçirtdiyi “xaç yürüşünün səlibçisi”nə çevirir. Ermənistanın “qoruyucu mələyi”nə çevrilən bu təşkilatların son üç ildə ölkəmizə qarşı təzyiq kampaniyası artıq bütün qırmızı xətləri keçməkdədir.
Əsassız və çürük ittihamlar
AŞPA-nın Azərbaycana qarşı əsassız ittihamlarına birlikdə nəzər salaq. Frank Şvabenin Parisdə hazırlanan çıxış mətnində Qarabağın erməniəsilli sakinlərinin bölgədən zorakılıqla köçürüldüyü iddia edilir. Bu iddianın nə dərəcədə əsassız və çürük olduğu anti-Azərbaycan qərarlara imza atan avropalı deputatlara çoxdan məlumdur. Ən azından Laçın yoluyla köç edən ermənilərin mətbuata açıqlamaları, Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı etirafları, ən mühümü isə, BMT missiyasının işğaldan azad edilən rayonlara səfərlərinin yekunu ilə bağlı hesabatlarına nəzər salmaq kifayətdir.
Ölkəmizə qarşı irəli sürülən digər ittihamlar isə Azərbaycanda “siyasi məhbus”ların olması və AŞPA-nın fevralın 7-də keçiriləcək seçkilərə müşahidəçi qismində dəvət edilməməsi ilə bağlıdır. Qondarma “siyasi məhbus” arqumenti Azərbaycan təşkilata üzv olan vaxtdan ölkəmizə qarşı hər zaman istifadə edilib. Budəfəki “tələb”in əsas qaynağı isə Azərbaycanın Parisin bölgədəki casus şəbəkəsinin ifşa etməsi, həmçinin bu istiqamətdə “beşinci kolon” təmsilçilərinin təmizlənməsi prosesi, ən əsas da fransız neokolonializminin ifşası ilə bağlı beynəlxalq səviyyədə atılan addımlardır.
Təzad, ikili standart və ədalətsizlik
2020-2023-cü illər ərzində də AŞPA tərəfindən Azərbaycana qarşı bir sıra təxribat xarakterli qərarlar qəbul edilib. Separatizmə, işğala, terror mənbəyinin mövcudluğuna son qoyan Bakının qalibiyyəti sanki Qərbdəki ermənidən daha çox erməni olanların yuxusuna haram qatıb. Yeri gəlmişkən, Azərbaycanın işğala məruz qalması faktını AŞPA özü də təsdiqləyib və bu istiqamətdə qətnamələri mövcuddur. Lakin həmin qətnamələrin tələblərinin yerinə yetirilməməsi ilə bağlı 23 il ərzində işğalçı dövlət olan Ermənistanın nə səsvermə hüququ dondurulub, nə də İrəvana “gözün üstündə qaşın var” deyən olub. 30 il məcburi köçkün həyatı yaşamağa məcbur olan, soyqırımına, deportasiyaya məruz qalan bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması sanki Avropa Şurasının təməl prinsiplərinin pozulması deyilmiş. İşğaldan azad edilən ərazilərimizdəki şəhərlərin, kəndlərin yer üzündən silinməsi, bir xalqa mənsub olan tarixi-mədəni irsin yox edilməsi sanki demokratiya və hüquq zəncirinin əsas halqalarının qırılması anlamına gəlmirmiş, Azərbaycan dövlətinin suveren ərazisində separatizmi yaymaq, bölücülük, nifrət və dini-irqi ayrı-seçkilik cinayətlərinə yol vermək Avropa dəyərlərini pozmurmuş. Ancaq anti-Azərbaycan səsverməsinə qatılanların düşüncəsində öz xoşları ilə, könüllü şəkildə həm də heç bir təzyiq və işgəncəyə məruz qalmadan ermənilərin Qarabağdan çıxıb getməsi demokratiyanın, insan haqlarının, azadlıqlarının kobud şəkildə pozulmasıdır. Budur təzad, budur ikili standart və ədalətsizlik.
İndi sual olunur, öz dəyərlərini və varlığını ayaqlar altına alan, Parisin, Brüsselin siyasi girovuna çevrilərək erməni lobbisinin maşası halına gələn AŞPA-nın qalib Azərbaycan xalqının öz iradəsini bir daha ortaya qoyacağı seçki prosesinə dəvətinin nə əhəmiyyəti var?
Paris niyə qorxur?
Proseslərə daha dərindən yanaşdıqda Parisin Ermənistanı “qorumaq missiyası”nın arxasında ciddi narahatlıq və qorxunun olduğunu da görə bilərik. Azərbaycan Ermənistana qarşı milyardlarla dollar dəyərində maddi-mənəvi təzminat davası açmağa hazırlaşır. Əhalisi “miatsum” ideyasının girovuna çevrilərək bu gün yoxsul həyat tərzi sürən, miqrasiya nəticəsində şəhərləri, kəndləri boşalan İrəvanın bu təzminatı verəcək nə iqtisadi gücü var, nə də pulu. Ədalət məhkəməsində beynəlxalq hüquqa əsaslanan haqlı qərar çıxarsa, ermənilərin üz tutacağı, pul dilənəcəyi dövlətlərin, mərkəzlərin başında indi yağlı vədlərlə nüfuz qazanmağa çalışan Paris gələcək. Bəs Fransa və onun əlaltıları ermənilər üçün milyardlarından keçməyə hazırdırmı? Bu ritorik sualın cavabını Ukraynanın timsalında tapa bilərik.
Heç bir siyasi təzyiqə, şantaja boyun əyməyəcəyini rəsmi Bakı dəfələrlə sübut edib. Ərazi bütövlüyünü, suverenliyini öz gücü və imkanları hesabına təmin edən qalib dövlətin milli maraqlarını hər şeydən və hər kəsdən üstün tutacağını atdığımız addımlarla isbatlamışıq. Budəfəki təzyiq və şantaj dalğasının da iflasa uğrayacağı indidən məlumdur.