COVİD-19 virusundan sağalan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
- Fuad müəllim, necə oldu ki, koronavirusa yoluxduğunuzu hiss etdiniz?
- Açığı desəm, dəqiq harada yoluxduğumu bilmirəm. İki-üç gün əzələ və sümüklərimdə bərk ağrılar olmuşdu. Havanın dəyişməsinə həssas deyiləm, amma bu ağrılar olanda fikirləşdim ki, bəlkə havanın dəyişməsinə görədir. Sonra bu ağrılarla paralel temperaturum yüksəldi, iştahasızlıq, bədən zəifliyi, halsızlıq yarandı. Özümü ev şəraitində müalicə etməyə başladım. Ailə həkimi ilə tez-tez əlaqə saxlayıb məsləhətlərini alırdım. Düşünürdüm ki, adi bir xəstəlik kimi keçəcək. Amma əlamətlər davam etdiyi üçün artıq yoluxduğumu hiss edirdim. Çox halsız idim. Yüksək temperatur, 38.8, heç düşmürdü. Ağ ciyərləri KT etdirəndən sonra, artıq aydın oldu ki, virusa yoluxmuşam. Xəstəxanalarda yer olmadığına görə, özümütədric etməyə qərar verdim. Ailə həkimin nəzarəti altında 12 gün intensiv müəlicə aldım.
- Koronavirusa hələ də inanmayanlar var, onlara tövsiyəniz varmı?
- Bu virus çox ciddidir, heç kimə arzulamaram. Son günlər yoluxanların sayı kəskin çoxalıb. Sosial şəbəkələrdə virusa yoluxanlar haqqında statuslar çoxalıb. Tanıdığım nə qədər adam var ki, hazırda xəstəxanalarda virusla mübarizə aparır. İnanmayanlara isə bir söz deyə bilərəm: İnanmamaq sizin şəxsi işinizdi, amma tətbiq olunan qaydalara əməl etmək lazımdır.
–Bu çətin dövrdə sizə kimlər dəstək oldu?
–Partiya sədrləri, media nümayəndələri məni yada salırdılar. Prezident Administrasiyandan demək olar ki, hər gün səhhətimlə maraqlanırdılar. Bu məsələdə məni tək qoymadılar. Mənəvi dəstəyə görə, hər kəsə təşəkkür edirəm, tək-tək hər birinin adını çəkə bilmirəm.