Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaşıl təşəbbüslərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradıb.

Xeber-ps.com SOCAR-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov COP29 çərçivəsində "Yaşıl Zona"da SOCAR-ın təşkilatçılığı ilə "SOCAR-ın dekarbonizasiya sahəsində fəaliyyəti: çətinliklər və nailiyyətlər" mövzusunda tədbirində çıxışı zamanı bildirib.

M.Cabbarov açılış nitqi ilə çıxış edərək, tədbirin COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

İqtisadiyyat naziri dekarbonizasiyanın Azərbaycanın enerji siyasəti üçün prioritet sahə olduğunu və ölkəmizdə bu istiqamətində irimiqyaslı tədbirlər həyata keçirildiyini bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək qlobal dekarbonizasiya səylərinin artırılmasının, yaşıl enerji imkanlarının genişləndirilməsinin və bu istiqamətdə qabaqcıl təcrübələrin bölüşülməsinin zəruriliyi diqqətə çatdırıb. R.Nəcəf enerji transformasiyasına nail olmaq üçün SOCAR-ın beynəlxalq təşkilatlar və təcrübəli şirkətlərlə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JBIC) baş direktoru təqdimatla çıxış edərək sözügedən bankın dünyanın müxtəlif ölkələrində dəstəklədiyi yaşıl layihələr və aşağı karbonlu texnologiyalar haqında ətraflı bəhs edib. Təqdimatda, həmçinin SOCAR ilə dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması xüsusi vurğulanıb. Memorandumun karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə JBIC arasında əməkdaşlığın təşviqini nəzərdə tutduğu qeyd olunub.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev geniş təqdimat ilə çıxış edərək, SOCAR-ın dekarbonizasiya hədəfləri, bu məqsədlərə çatmaq üçün həyata keçirilən layihələr, emissiyaların ölçülməsi üçün süni intellektə əsaslanan "Metan AI" alətinin tətbiqi, OGCI ilə əməkdaşlıq çərçivəsində peyk monitorinqlərinin və "TotalEnergies" ilə birgə dron əsaslı ölçmələrin aparılması, bp şirkəti il birgə həyata keçirilən AGMR layihəsi, emissiyalara dair şəffaf hesabatlığın təmin edilməsi məqsədilə "OGMP2.0" təşəbbüsünə qoşulma, həmçinin alternativ və bərpa olunan enerji mənbələri layihələrinə dair iştirakçılara ətraflı məlumat verib.

Daha sonra "Boston Consulting Group" şirkətinin icraçı direktoru Anton Kosaç təqdimatla çıxış edərək, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində şirkətin fəaliyyəti və xüsusilə SOCAR ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

Tədbir zamanı qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və bu kimi strateji təşəbbüslərin ölkəmizin dayanıqlı inkişaf perspektivində mövqeyinin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynayacağı qeyd edilib.

Qeyd edək ki, tədbirdə İqtisadiyyat Nazirliyinin, "SOCAR Group"un, "Boston Consulting Group" şirkətlərinin, JBIC-in, OGDC və IOGP kimi beynəlxalq təsisatların, həmçinin digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

0.06917405128479