Bakıya gətirilən yeni elektrik mühərrikli taksilərin təyinatı açıqlandı

"Bakıya yeni gətirilən elektrik mühərrikli taksilər ilkin olaraq COP29 tədbirinə gələn iştirakçıları daşıyacaq".

Xeber-ps.com xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Onun sözlərinə görə, "LEVC TX5" markalı "plug-in" hibrid taksilər İngiltərə növü olub, Çin istehsalıdır.

"Avro-6" standartlarına uyğun həmin avtomobillərin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir.

Avtomobil, həmçinin, təcili əyləc, təkərlərin təzyiqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Bir məsələni də vurğulamaq istərdim ki, şəhərdə xüsusi ayrılan COP29 zolaqlarından, avtobuslardan başqa, tədbir müddətində yalnız bu taksilər istifadə edə biləcəklər. Bu, digər taksilərə aid deyil", - deyə T.Orucov bildirib.

Əzizə İsmayılova

0.10059094429016