ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə, Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyi ilə hədələyib.
Xeber-ps.com-ın xəbərinə görə, bu barədə "Fox News" nəşri öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, keçən həftə Trampın Mar-a-Laqodakı (Florida) iqamətgahında baş tutan danışıqlarda prezident Trüdoya bildirib ki, artıq andiçmə günü, 2025-ci il yanvarın 20-də bütün Kanada mallarına 25% idxal rüsumları tətbiq edəcək. Əgər Ottava Kanada sərhədi vasitəsilə ABŞ-yə qeyri-qanuni miqrant axını ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişdirə bilməsə, həmçinin Trampın sözlərinə görə, hazırda təqribən 100 milyard dollar olan ticarət kəsirini azalda bilməsə, bu rüsum tətbiq ediləcək.
Trüdo öz növbəsində ABŞ Administrasiyasının gələcək rəhbərinə bu cür tədbirlərin Kanada iqtisadiyyatını öldürəcəyinə işarə edib. Tramp isə cavabında deyib ki, Kanada, çox güman ki, ABŞ-nin 51-ci ştatı ola bilərdi. Bu sözlər, telekanalın dediyinə görə, Kanadanın baş nazirində əsəbi gülüş doğurub.
İclas iştirakçılarından biri zarafatla qeyd edib ki, hadisələrin bu cür inkişafı halında Kanada çox liberal bir dövlətə çevrilərdi. Tramp bunun qarşılığında ölkəni iki dövlətə bölməyi təklif edib ki, onlardan biri liberallara, ikincisi isə mühafizəkarlara meyl edərdi. Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti əlavə edib ki, Trüdo ABŞ-nin 51-ci ştatının qubernatoru ola bilərdi.
"Fox News"un məlumatına görə, Kanadanın baş nazirinin Trampla görüşü təxminən üç saat davam edib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanada üçtərəfli saziş (USMCA) ilə bağlıdır ki, bu da dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Lakin noyabrın 25-də Tramp bəyan edib ki, prezident kimi fəaliyyətə başladığı ilk gündə - 2025-ci il yanvarın 20-də qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcək.
"The Wall Street Journal"ın sonradan qeyd etdiyi kimi, bu təhlükə Kanada siyasətçiləri və iş adamlarını şoka salıb. Kanadanın bütün ixracatının təxminən dörddəüçü ABŞ-nin payına düşdüyü üçün, ABŞ bazarına rüsumsuz giriş Ottavanın iqtisadi inkişafı üçün zəruridir.