Rusiyanın Kamçatka bölgəsindəki Şiveluç vulkanında 11 km hündürlüyə qədər kül püskürməsi qeydə alınıb, kül buludu vulkandan şərq istiqamətində yayılıb.
Xeber-ps.com bu barədə TASS-a istinadən məlumat verir.
"Kamçatkadakı Şiveluç vulkanı dəniz səviyyəsindən 11 km hündürlüyə kül püskürdü. Kül buludu vulkandan şərq-şimal-şərq istiqamətində 22 km məsafəyə yayılıb", - deyə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan bildirilib.
Şiveluç vulkanına qırmızı aviasiya təhlükə kodu verilib. Bu o deməkdir ki, onun aktivliyi alçaqdan uçan hava gəmilərinin mühərriklərinin işi üçün təhlükəlidir.
Nəhəng vulkanın yerləşdiyi Ust-Kamçatsk rayonunun administrasiyasından agentliyə bildirilib ki, bələdiyyənin sakinləri güclü səs eşidib və vulkanın üzərində şimşək görüblər.
Şiveluç Kamçatkada fəal vulkandır, yaşı 60-70 min ildir. O, Köhnə Şiveluç vulkanından, qədim kalderadan və fəal Gənc Şiveluç vulkanından ibarətdir. Vulkan Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbəsindən təxminən 50 km və Petropavlovsk-Kamçatskidən 450 km məsafədə yerləşir.