Gəncə şəhər sakini Şah İsmayıl Xətai prospektində, restoran yaxınlığındakı yolun təmirsiz olmasından şikayətçidir.
Sakin bildirib ki, yolun pis olması səbəbindən avtomobillər də zərər görür:
"Gəncə şəhəri, "Pasyolka" adlanan ərazidə yol pis vəziyyətdədir. Dünən bir maşının qabağı qırıldı. İcra qurumu hara baxır? Burada yaşayanlar yazıq deyillər?"
Sakinlər qeyd olunan ərazidə ümumi istifadə edilən suya sayğacın qoyulmasından da narazıdırlar:
"Əvvəllər ağacları sulamaq üçün ümumi istifadə etdiyimiz su var idi. Həmin suya sayğac quraşdırdılar. Bundan sonra sudan istifadə zamanı ödəniş çox yazdığı üçün ağacları sulaya bilmədik. Ağaclar da susuz qalıb quruyur. Hamısı bahalı ağaclardır, yaşıllıqdır. Necə ki parklarda su sayğacsızdırsa, burada da elə olmalıdır. Burada ağaclıqdır, park kimidir. Suyu sayğacsız etsinlər, biz də ağacları sulayaq, qurumasınlar. Bununla bağlı icra hakimiyyətinə şikayət etmişik. Deyirlər ki, biz ona baxmırıq".
Sözügedən şikayətlə bağlı videogörüntünü təqdim edirik:
Mövzu ilə bağlı Xeber-ps.com Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır:
"Məlum olduğu kimi, "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir. Sözügedən ərazidə də "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində işlər tam yekunlaşdıqda yolun asfalt örtüyü təmir olunacaq. Bununla yanaşı, qeyd etmək istərdik ki, Gəncə şəhərində "Abad məhəllə" layihəsi icra olunur. Bu layihəyə əsasən, şəhər ərazisində olan çoxmənzilli yaşayış binalarının həyətləri də mərhələli şəkildə abadlaşdırılır".
Aygün Mirakif