Makronun reytinqi rekord həddə aşağı düşüb

Fransızlar arasında ölkə prezidenti Emmanuel Makronun fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatıb.

Xeber-ps.com xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (İfop) "Le Journal du Dimanche" qəzetində dərc etdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 78%-i E.Makronun prezident kimi fəaliyyətini bəyənmir, 22%-i isə dövlət başçısının işindən razıdır.

Nəşrin qeyd etdiyi kimi, E.Makron heç vaxt fransızlar arasında belə qeyri-populyar olmayıb.

"Ifop" rəhbəri Frederik Dabinin sözlərinə görə, E.Makronun reytinqinin aşağı düşmə sürəti təəccüblüdür. O qeyd edib ki, prezidentin populyarlığı may ayından bəri 9 faiz azalıb.

Fransanın baş naziri Mişel Barnyeyə gəlincə, onun da reytinqi aşağı düşür. Tədqiqat iştirakçılarının 60%-i hökumət başçısının fəaliyyətini bəyənmir, sorğuda iştirak edənlərin 40%-i isə onun işindən razıdır.

Sorğu 2024-cü il oktyabrın 9-dan oktyabrın 17-dək aparılıb. Burada yaşı 18-dən yuxarı olan 2 mindən çox respondent iştirak edib.

Nəşrin qeyd etdiyi kimi, indiyədək ən aşağı reytinq ölkəyə 2012-2017-ci illərdə rəhbərlik etmiş Fransua Ollandda olub. 2014-cü ilin payızında "Ifop" sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 13%-i onun dövlət başçısı kimi fəaliyyətini bəyənib.

0.091702938079834