Mikayıl Cabbarov: "Özəl sektorda 75 min yeni iş yeri yaradılıb"

"2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda 75 min yeni iş yeri yaradılıb".

Xeber-ps.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Nazir qeyd edib ki, gələcəyimizi çox düşünməliyik:

"İqtisadiyyatda hər şey öz qaydasındadır. ÜDM-də 4.7%-lik artım özünü göstərir. Bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağımıza kömək edir. Biz gələcəyimizi düşünməli, yerli uğursuzluqlara qarşı səbir göstərməliyik. Bunların hər biri innovasiyaların inkişafı üçün vacib amildir. Çünki bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".

M.Cabbarov əlavə edib ki, insan kapitalına qoyulan investisiyalar xalqı, milləti irəli aparan amildir:

"İnsan kapitalından danışarkən mən təhsildən başlamaq istərdim. Bizim məqsədimiz Azərbaycan məktəblərində, təhsil sistemində yeni iqtisadiyyata uyğun, innovasiyalar gətirə biləcək şəxslərin yetişdirilməsini təmin etmək idi. Azərbaycan məktəblərində rəqəmsal səriştələrin tədrisinə başlanılıb. Bu məqsədlə tədris prosesində də dəyişikliklər edildi. Hazırda bu şagirdlər artıq məktəbi bitiriblər və əmək bazarına daxil olublar. Bu təşəbbüslər ali təhsil sistemində də reallaşdırıldı. Biz SABAH proqramına start verdik. Bu da ona gətirib çıxardı ki, dünənin tələbələri bu günün innovatorlarına çevrildilər. Fiskal sistemin rəqəmsallaşmasına yatırılan investisiyalar əsas investisiya sahələrindən biri olmağa davam edir. Bu da daha yaxşı idarəçiliyə, vergidən yayınmanın aradan qaldırılmasına, innovativ həllərin tətbiqinə gətirib çıxardı".

Aygün Mirakif

0.062314987182617