HBO-nun "Money Electric: The Bitcoin Mystery" sənədli filminin çoxdan gözlənilən premyerası baş tutub və özü ilə sensasiyalı bəyanat gətirib.
Xeber-ps.com-ın "Politico"ya istinadla verdiyi məlumata görə, rejissor Kallen Hobak kriptovalyuta dünyasının ən böyük sirlərindən birini - "Satoşi Nakamoto" təxəllüsü altında gizlənən "bitcoin" yaradıcısının şəxsiyyətini açmağa nail olduğunu iddia edib.
Hobakın sözlərinə görə, çoxsaylı faktlar "bitcoin"in əsl "atası"nın Piter Todd - kriptovalyutalar sahəsində dərin bilikləri ilə tanınan kanadalı proqramçı olduğunu göstərir.
Filmin sonunda K.Hobak P.Toddan birbaşa soruşur: "Görünür, o vaxt sizin "bitcoin" sahəsində dərin bilikləriniz var idi?"
Todd isə cavab verir: "Bəli, mən "Satoşi Nakamoto"yam".
Lakin bu etiraf qəti sübut deyil.
Qeyd etmək lazımdır ki, P.Todd özü "bitcoin" yaradılmasında iştirakını dəfələrlə inkar edib. O, məxfiliyə dəstək ifadəsi kimi bilinən "Mən Satoşiyəm" cümləsindən istifadə etməsi ilə tanınır.
Qeyd etmək lazımdır ki, Piter Todd "bitcoin"in yaradıcısı roluna yeganə namizəd deyil. Filmin premyerasından əvvəl kriptosənaye ekspertləri arasında keçirilən sorğunun nəticələrinə görə, bir çoxları amerikalı texnoloq Len Sassamanı "Satoşi" hesab edir.
Film ətrafında ajiotaja baxmayaraq, "Satoşi Nakamoto"nun şəxsiyyətinin kimliyi cavabsız qalır, kriptosənaye iştirakçılarının çoxu isə bunun belə olmalı olduğuna əmindirlər.
Əsrin sirri: "Bitcoin"in yaradıcısının adı açıqlandı