Ərdoğandan UEFA-ya cavab: "Almanların qartalı, fransızların xoruzu var, cəzalandırırsan?"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Niderland - Türkiyə matçından sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

O, UEFA-nın Merihlə bağlı qərarının tamamilə siyasi olduğunu bildirib.

"Həm Türkiyə Futbol Federasiyasının rəhbərliyini, həm texniki heyəti, həm də çempionatın təşkilində əməyi olan hər kəsi təbrik edirəm. Matç UEFA-nın Merih Dəmiralla bağlı tələsik qəbul etdiyi ədalətsiz qərarın fonunda oynanıldı. UEFA-nın Merihə verdiyi iki oyunluq qadağa yarışa kölgə saldı. Bunu izah etmək mümkün deyil, bu, sırf siyasi qərardır.

Söhbət boz qurd işarəsinə görə cəzalandırmaqdan gedirsə, almanların qartalı, fransızların xoruzu var. Cəzalandırırsan? Yox. Əfsanələrimizdəki boz qurdun işarəsini göstərən Merihə verilən cəza Türkiyə millətinə verilən cəzadır.

Bütün mənfiliklərə baxmayaraq, milli futbol komandamız sözün əsl mənasında Niderland kimi bir futbol məktəbinə çətin anlar yaşatdı. Maraqlı, gərgin rəqabətə baxdıq.

Millimizin cəhdlərinə baxmayaraq, təəssüf ki, yarımfinala yüksələ bilmədik. Son saniyəyə qədər əllərindən gələni edən, bizdə böyük həyəcan və qürur hissi keçirən millimizi ürəkdən təbrik edirəm.

İndi 2026-cı ildə dünya çempionatı, 2028-ci ildə isə Avropa çempionatı var. Bunlara ən yaxşı şəkildə hazırlaşaraq intiqamımızı almaq şansımız var. Ümid edirəm ki, belə bir komanda hazırlanıb.

Arda Gülərin 19 yaşı var, ancaq 10 yaşından oynamağa başlayıb. Allah ona həqiqətən çox fərqli qabiliyyət verib. Bir az səbir edib Ardaya fürsət vermək lazımdır.

Mert Günokun o refleksi göstərməsi heyrətamizdir. 35 yaşlı qapıçının belə reflekslər nümayiş etdirməsi anlaşılmazdır ", - deyə Ərdoğan bəyan edib.

Mənbə: Haber Global

0.10014390945435