31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı

Bakıda 31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nizami Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Əli-İskəndər Hacıbala oğlu Babayevin idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.

Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Aydın Şauloviçi Qililov həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus QAZ-24 markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan "Naqan" tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

0.46864295005798