“Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini göstərir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun fikrincə, sərhəd təxribatı Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu göstərir:
“Reallıqda isə Ermənistan 30 il davam etmiş işğal status-kvosunun bərpası üçün məqam gözləyir. Ermənistanın Fransadan və Hindistandan silahlar alması, o cümlədən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçaturyanın İrəvanın silahlanması istiqamətində böyük həcmdə iş aparılması barədə bəyanatları da bu tezisi təsdiqləyir. Baş verənlər fonunda əminliklə deyə bilərik ki, şərti sərhəddə törədilən təxribat Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib və vəziyyəti gərginləşdirməyə xidmət edir”.
Deputat bildirib ki, İrəvan 2020-ci ildə, İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindəki məğlubiyyətini, Azərbaycanın hərbi imkanlarını unutmayıb. Sadəcə, görünən odur ki, bir sıra Qərb dairələrinin yeni münaqişə yaratmaq təşviqatı işə yaramaqdadır.
“Xüsusən, bir müddət öncə Avropa psevdosiyasilərinin, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhədə baş çəkməsi, ABŞ-nin təlimatçılarının İrəvanda çalışması, Ermənistandan Azərbaycan ərazisinə keçməyə çalışan Çex Respublikası vətəndaşının saxlanılması kimi çoxsaylı faktlar prosesin vahid bir tezis üzrə inkişaf etdirildiyini, İrəvanın hərbi əməliyyatlara təhrik edildiyini göstərir.
Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün əsas rupora çevrilmiş Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının isə bu prosesə “töhfə”ləri xüsusi qeyd edilməlidir”, - B.Məhərrəmov söyləyib.
Fevralın 12-də Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığını xatırladan B.Məhərrəmov deyib ki, rəsmi Bakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətindən ciddi narahatlıq ifadə edib:
“Şərti sərhəddə baş verən təxribat da göstərdi ki, rəsmi Bakı Aİ-nin “binokl diplomatiyası”nı Azərbaycan-Ermənistan şərti sərhədləri boyunca indiyədək görülməmiş sakitliyə və etimad quruculuğu prosesinə təhdid kimi qiymətləndirməkdə nə qədər haqlı idi”.
Parlamentari onu da vurğulayıb ki, artıq bir neçə aydır, Qərb təxribat maşını Azərbaycanın Ermənistana mümkün hücumları barədə yalan məlumatlar yayır. O güman edir ki, Qərbin imperializm maşını Azərbaycanda diqqətin seçki prosesinə yönəlməsinə fürsət kimi baxaraq, Ermənistandakı revanşistlərdən istifadə etməklə şərti sərhəddəki insidentlə Azərbaycanı təxribata çəkmək istəyib:
“Lakin hadisələr, o cümlədən qarşı tərəfdən atəşin açılması anının videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınması ilə alət kimi istifadə olunan Ermənistan da, ABŞ və Fransa da, ələlxüsus Aİ-nin monitorinq missiyası da “ova gedərkən ovlandı”. Azərbaycan təxribatı sənədləşdirməklə qarşı tərəfi təkzibedilməz fakt qarşısında qoydu. Bəli, Azərbaycan bu prosesdən də qalib çıxdı, lakin nə məqsəd güdməsi və nə ilə nəticələnməsindən asılı olmayaraq, Azərbaycan sərhədçisinə atılan güllə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdiddir. Rəsmi Bakının özünə qarşı real təhdidləri aradan qaldırmaq hüququ var və bu hüquqdan imtina etməyib. BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana belə bir hüquq verir”.
B.Məhərrəmov vurğulayıb ki, Qərb qütbü artıq başa çatmış münaqişəni yenidən alovlandırmağa, bununla regiona təsir imkanı qazanmağa çalışır. Onun fikrincə, ABŞ, Fransa və Avropa İttifaqını bu prosesdə nə beynəlxalq hüquq, nə də Ermənistanın milli mənafeləri maraqlandırır:
“Ukrayna və Yaxın Şərqin ardınca Cənubi Qafqazda növbəti münaqişə ocağı yaratmaq istəyən Qərbin səlib yürüşü qarşısında yeganə sədd isə Azərbaycandır. Məhz Bakı özünün güc və imkanları hesabına, habelə irəli sürdüyü arqumentlərlə regionun qütblərarası ziddiyyət nöqtəsinə çevrilməsinə imkan vermir. Bu mənada, regionun qarşıdurma məkanına çevrilməməsi, gələcək mümkün təhdidlərin qarşısının alınması, sülh prosesi və etimad quruculuğu prosesinin pozulmaması naminə Ermənistanın tam silahsızlaşdırılması zərurətə çevrilib”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.