XİN: “Paşinyan Azərbaycana qarşı növbəti böhtan xarakterli iddialar səsləndirib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib.

Bu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

“Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur.

Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.

Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir.

Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir.

Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, - XİN-dən bildirilib.

0.13847708702087