“İkinci yarıda belə davam etsəm və özümü yaxşı tərəfdən göstərə bilsəm, yığmada mənə yer olacaq”.
Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev deyib.
Premyer Liqanın ilk yarısında 5 qolla “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevlə birlikdə ən məhsuldar yerli futbolçu olan 28 yaşlı forvard daha çox fərqlənmək arzusundadır. O, qol sayını artıracağı təqdirdə, Azərbaycan millisinə dəvət alacağını düşünür:
“Yerlilər arasında ən məhsuldar futbolçu olmağım çox sevindirici haldır. İlk yarını daha çox qolla qapaya bilərdim. Təəssüf ki, matçlarda bəzi epizodlar istədiyim kimi yekunlaşmadı. Qollarımın sayını artırmaq üçün üzərimdə daha çox işləyəcəyəm. Milliyə düşmək həmişə arzum olub. Özümə inanıram”.
“Araz-Naxçıvan”ın mövsümün birinci hissəsində qazandığı nəticələrin çoxları üçün gözlənilməz olduğunu bildirən Orxan Əliyev bu performansı davam etdirmək istədiklərini vurğulayıb:
“Heç kim bizdən bu nəticələri gözləmirdi. Amma indi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışıq və 2-ci yerdəki “Zirə”dən cəmi 3 xal geri qalırıq. Sona qədər mübarizədən qopmamağa və mövsümü daha yüksək pillədə başa vurmağa çalışacağıq”.
Qeyd edək ki, Orxan Əliyev mövsümün ilk yarısında keçirdiyi 18 oyunda 1060 dəqiqə meydanda olub.