ALDP sədri: Türkiyə, Pakistan, İsrail və Şimali Kipr Türk Respublikası ilə dost və qardaşlıq münasibətləri genişləndirməliyik

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Görüşdə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev çıxış edib.

ALDP sədri çıxışında tarixə ekskurs edərək erməni faşistlərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları xatırlıyaraq bunu deyib:

“Erməni-daşnak quldur birləşmələri azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür. İyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 illəri və nəhayət, 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1990-cı il 13 yanvardan başlayaraq erməni quldurların Bakıda öz millətinin nümayəndələrinə qarşı törətdiyi vandalizm, 20 Yanvar faciəsinə gətirib çıxartdı və yenə də Azərbaycan xalqı yüzlərlə Şəhid verdi.  31 mart azərbaycanlıların soyqırımı isə 1992-ci il fevral ayının 26-da Xocalıda təkrarlandı”.

Daha sonra Fuad Əliyev siyasi partiyaların informasiya müharibəsində rolunu qeyd edərək bunu bildirib:

“Hesab edirəm ki, biz siyasi partiya rəhbərləri necə ki 44 gün ərzində bütün dünyaya birliyimizi nümayiş etdirmişdik, indi də gedən informasiya müharibəsində həmin birliyi nümayiş etdirməliyik. 

Azərbaycanın milli maraqlarını qorumalıyıq və xarici təpkilərə qarşı çıxmalıyıq. Qüvvələrimizi bu istiqamətə yönəltməliyik. Düzdür, erməni işğalçıları üzərində zəfər qazandıq. Ancaq indi zəfərimizi qorumalıyıq. Çünki bu zəfər bir çox ölkələrin, ermənipərəst qüvvələrin təşvişinə, narahatlığına səbəb olub. Biz siyasi partiyalar ideoloji mübarizəmizi gücləndirməliyik. Gənclərimizə vətənpərvərlik hisslərini aşımalıyıq, maarifləndirmə işlərini genişləndirməliyik. Bütün siyasi partiyalar gücünü ölkəmizin müstəqilliyinin, torpaqlarımızın bütövlüyünün qorunmasına toplamalıdır”.

ALDP sədri Fuad Əliyev Vətən müharibəsində bizə dəstək olan ölkələrlə münasibətlərin  genişlənməsini vurğuladı:

“Hesab edirəm ki, bizi açıq səklində dəstəkləyən Türkiyə, Pakistan, İsrail və Şimali Kipr Türk Respublikası ilə dost və qardaşlıq münasibətləri genişləndirməliyik və münasibətləri qorumalıyıq”. 




0.062401056289673