Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Rəyasət Heyətinin online iclasını keçirib. İclasda partiyanın yay tətilindən sonra fəaliyyət proqramı, əhalinin vaksinasiya ilə bağlı problemlər və bəzi təşkilatı məsələlər müzakirə olundu.
Müzakirələrdən sonra vaksinasiya ilə bağlı Azərbaycan Respublikasının baş naziri Əli Əsədova müraciət qəbul olundu.
Müraciətdə deyilir:
"Hörmətli Əli müəllim, məlum olduğu kimi, bir ildən çoxdur ki, bütün dünyada COVİD-19 pandemiyası tuğyan edir. Bu xəstəlik Azərbaycandan da yan keçməyib. Pandemiyanın ilk günlərindən Azərbaycan hakimiyyətinin qabağlayıcı tədbirlər görməsini təqdirəlayiq hesab etdik və partiya olaraq "evdəqal" kampaniyasının aktiv təbliğatçısı olduq. Bir neçə ay bundan əvvəl COVİD-19-un yeni ştamların yayılması nəticəsində, ölkəmizdə xəstələrin sayı yenidən yüksəldi. Artıq bu ilin əvvəlindən əhalinin vaksinasiya işlərinə start verilmişdi. Vaksinasiyanın ilk günlərindən TƏBİB rəhbərliyinin "vaksinasiya könüllüdir" deməsi, vətəndaşlarda arxayınçılıq yaratmışdı. Daha sonra "vaksinasiya mütləqdir" və sentyabrın 1-dən COVİD-pasportsuz ictimai yerlərə və böyük marketlərə buraxılmaması, vaksinasiya olmaq istəyənlərin sayı artdı. Bunun nəticəsində səhiyyə müəssisələrində böyük sıxlıq müşahidə olunur. Bu müşahidə olunan sıxlıq dolayısı ilə yoluxanların sayının artmasına gətirib çıxardır.
Hörmətli Əli müəllim, səhiyyə müəssisələrində sıxlığın qarşısının alınmasını və vətənaşların vaksinasiya olunmasının istəyini nəzərə alaraq, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına bir də baxılması və məhdudiyyətlərin vaxtının (noyabrın 1-nə) uzadılmasını xahiş edirik.