Osman Kazımov: “Hazırkı rəhbərlik dövründə mənə heç bir təzyiq yoxdur”

“Son günlər Azərbaycanda vəkillərin təzyiqlərə məruz qalmasına dair hesabat yayılıb, şəkilləri dərc edilib. Yayılan fotoşəkillərin içərisində mənim də şəklim olub. Bu məlumat qohumlarım, dostlarım, hüquqi yardım göstərdiyim şəxslər arasında narahatlıq yaradıb”.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Osman Kazımov deyib.

O bildirib ki, həmişə cəmiyyətə açıq, nöqsanları tənqid edən, təqdirəlayiq işləri alqışlayıb: 

“Bu gün də həmin mövqeyimi saxlayıram. Heç vaxt fikirlərimdə qərəzə yol vermədim. Dövlətimizin, xalqımızın mənafeyi üçün məqbul hesab etdiyim hər bir fəaliyyəti dəstəklədim. Hakimiyyəti çox sərt tənqid etdim və edirəm. Qarabağ döyüşləri başlayan kimi hakimiyyəti dəstəkləyib, könüllü olaraq döyüşlərə qatılmaq üçün rəsmi müraciət etdim.

Vəkillik fəaliyyətimlə bağlı 2011-ci ildə qanunsuzluqlarla üzləşdim, ailənin yeganə qazanc gətirəni, himayəmdə üç yetkinlik yaşına çatmayan övladımın olmasına və məcburi köçkün olmağıma baxmayaraq, Vəkillər Kollegiyasından xaric olunmağım üçün məhkəməyə müraciət etdim. Altı ay müddətinə işdən kənarlaşdırıldım. Ailəm taleyin ümidinə buraxıldı. Lakin bütün bu qanunsuzluqlara rəğmən heç bir xarici təşkilata müraciət etmədim. Yalnız ABŞ səfirliyinin dəvəti ilə görüşlərdə oldum. İşim məhkəmə baxışında olarkən Ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək məhkəmə prosesini nəzarətə götürməsini və obyektiv məhkəmə baxışının təmin edilməsini xahiş etdim.

Sonradan mənə məlum oldu ki, işə baxan hakim Ədliyyə Nazirliyinə dəvət olunaraq, işlə baglı məlumatı dinlənilib. İşin yekununda fəaliyyətim bərpa olundu. Bütün bunlar keçmiş rəhbərliyin dövründə oldu, keçmişin acı xatirəsinə döndü”.

Vəkil qeyd edib ki, hazırkı rəhbərlik dövründə mənə heç bir təzyiq, təsir yoxdur: “Qanunsuzluqla üzləşməmişəm. Hətta hakimiyyəti sərt formada tənqid etməyimlə bağlı mənə irad belə bildirilməyib. Məlumatın və foto şəklimin məndən məlumatsız, rəyim soruşulmadan paylaşılmasını normal hal hesab etmirəm. Hazırkı həssas durumda belə məlumatları dövlətimizin nüfuzuna kölgə salmaq cəhdi kimi dəyərləndirirəm. Çox təəssüf ki, bəzən cüzi nöqsanlar şişirdilərək qərəzli məqsədlərlə istifadə edilir. Doqquz il bundan öncə mənə qarşı olan ədalətsizliyi bu gün paylaşmağı qərəzli və məqsədli hesab edirəm. Müharibədən sonrakı həssas dövr üçün dövlətimə təzyiq kimi dəyərləndirirəm. Son dövrlərdə Vəkillər Kollegiyasında çoxsaylı vətəndaşlarımızın, xüsusilə də gənclərimizin təmənnasız işlə təmin olunması nədənsə pərdə arxasında qalır.

Bu gün Azərbaycan vəkilliyinin qanunsuzluqla mübarizə apardığını heç kim unutmamalıdır. 27 ildir ki, köçkün vəkil həyatı yaşayıram. Ata yurdum-xatirələrim erməni faşizmi tərəfindən məhv edilib. Çox təəssüf ki, özünü demokratik adlandıran bəzi dövlətlər və beynəlxalq təşkilatlar nəinki mənim və mənim kimi onlarla köçkün vəkilin həyati faciəsinə laqeyd qalıb, əksinə təcavüzkar və müharibə cinayəti törədən dövləti müdafiə ediblər.

Mən dövlətimin yanındayam”.

0.30066204071045