Qızının ürək əməliyyatından sonra reabilitasiyasına maddi imkanı çatmayan ananın yardım ÇAĞIRIŞI

Bakı sakini İradə Kərimova yardım üçün Media.Az redaksiyasına müraciət edib. Onun qızı ürək qüsuru ilə doğulub. Balaca Leyla cəmi 12 günlük olsa da, artıq o, uğurlu mürəkkəb ürək əməliyyatı keçirib. Doğulduğu andan indiyə qədər körpə paytaxtın özəl klinikalarından birinin reanimasiya şöbəsindədir. Hazırda qızı iki həftə ərzində həkimlərin ciddi nəzarəti altında reabilitasiya və bərpa prosesi gözləyir.

Uşağın anasının sözlərinə görə, əməliyyat icbari tibbi sığorta (İTS) çərçivəsində aparılıb. Xidmət paketi, həmçinin klinikada 10 günlük müalicəni əhatə edib ki, bu da sentyabrın 22-də başa çatır. Lakin qızının klinikada daha çox qalması təyin edilən dərmanlardan asılı olaraq gündə 600-800 manat təşkil edəcək. Bunun üçün beş min manata qədər depozit qoymaq lazımdır.

Problem ondadır ki, yeni doğulmuş körpənin ailəsi belə maliyyə vəsaitinə malik deyil, ona görə də dəstək istəməyə məcbur olub.

İradə xanım redaksiyaya bildirib ki, Leylanın doğumundan dörd gün sonra əməliyyat aparılıb:

"Körpənin, hətta bir dənə də şəkli yoxdur, çünki həyatının ilk dəqiqələrindən reanimasiyadadır, orada telefondan istifadəyə icazə verilmir. Doğuşdan sonra onu mənə heç göstərmədilər. Həkimlər deyirlər ki, hazırda narahatlıq üçün səbəb yoxdur. Sabah qızımı süni tənəffüs aparatından ayıracaqlar və o, müstəqil nəfəs ala biləcək. Lakin indi hər şey pula bağlıdır, çünki biz sonrakı müalicəni ödəyə bilmirik. Xahiş edirəm, bu çətin yolu sona qədər getməyimizə kömək edəsiniz".

Redaksiyamız hər kəsi ailənin probleminə həssaslıqla yanaşmağa və imkan daxilində yeni doğulmuş Leylaya kömək etməyə çağırır.

Əlaqə nömrəsi: +994 51 520 89 65.

Bank kartı nömrəsi (Kapital bank): 4169 7388 2413 8865.

0.096282958984375