NATO baş katibi Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı: "Bütün müttəfiqlər həmfikirdirlər"

"NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir".

Xeber-ps.com-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Mark Rütte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.

O, alyans ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olub-olmaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

"Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqətimizi cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir", - deyə Rütte bildirib.

O bir daha vurğulayıb ki, bütün müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğu fikri ilə razıdırlar.

"Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin, Ukraynanın NATO-ya gedən yolu dönməzdir", - deyə o xatırladıb.

Rütte əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.

"Bu, addım-addım baş verir", - deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Kiyevin yaxın gələcəkdə NATO-ya üzv olmaq arzusunu dəfələrlə bəyan edib.

0.099106073379517