DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, T.Adiyeva oğlu Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olaraq onun tanışı, DSMF-nin əməkdaşı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq ediblər. Onlar beynəlxalq bazarlarda qızıl alış-verişi və qazanc əldə etmək vədi ilə Fərhad Əhmədovdan 161 649 manat alaraq ələ keçiriblər.

Bundan başqa, T.Adiyeva oğlu vasitəsilə tanıdığı E.Tağıyevə 12 min, T.Ağakişiyevə 6 min, T.Süleymanova 8 min, İ.Əlixanova 7 min, S.Qədirova 52 min, A.İbrahimovaya 7 min, G.Rəhimovaya 6 280, S.Zeynalzadəyə 8 500, A. Əliyevaya 10 870 manat məbləğində zərər vurmaqla dələduzluq edib.

Onlar özlərini bəzi şəxslərə şirkət əməkdaşı kimi təqdim ediblər, beynəlxalq birjalarda neft-qaz, qiymətli metal alış-verişi ilə məşğul olduqlarını deyərək inam qazanıblar, bəzi hallarda onlara müəyyən məbləğlərdə "gəlir" ödəyərək şirnikləndiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda T.Adiyevaya 7 il həbs cəzası təyin edilib. T.Adiyevanın oğlu Kəmaləddin barəsindəki iş isə ayrıca icraata verilib.

0.095918893814087