BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi Bakı Olimpiya Stadionunun brendinqi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanıb.
Art komandanın işi COP29-a hazırlıq müddətində müxtəlif miqyaslı tədbirlərin və məkanların merçendayz və promo məhsulların dizaynı, uniformaların, şəhər brendinqi və sosial şəbəkə vizuallarının hazırlanmasından ibarətdir.
Komanda tədbirin məqsədini ölkəyə və dünyaya çatdırmaq üçün şəhər boyunca vizuallar, instalyasiyalar, tədbir iştirakçılarının əsas məkanlara əlçatanlığının yaradılması üçün yol-işarə lövhələrinin dizaynını həyata keçirib.
Həmçinin komanda həm şəhər, həm də tədbir üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin brendləşməsini də təmin edib. Bundan əlavə, könüllülər mərkəzi, uniforma paylanması və akkreditasiya mərkəzi üçün hazırlanmış vizual həllər ziyarətçilərə məkan ilə əlaqə yaratmaqda kömək edərək qüsursuz təcrübə təklif edib. Komandanın sosial media platformaları üçün hazırladığı vizuallar COP29-un missiyasının qlobal auditoriyaya çıxmasını təmin edib.
Ən əsası isə komanda tədbirin keçiriləcəyi məkanın perimetrindən başlayaraq müxtəlifölçülü işarə lövhələri dizayn edib. Həm Mavi, həm də Yaşıl Zonada onlarla görüş otaqları, media mərkəzi, plenar zallar üçün vizuallar da COP29 Azərbaycan Əməliyyat Şirkətinin art komandası tərəfindən təmin olunub.