Boliviyanın keçmiş prezidenti Evo Moraleslə əlaqəli deputatlar parlament zalında ölkənin vitse-prezidenti David Çokeuankaya hücum ediblər.
Xeber-ps.com xəbər verir ki, bu barədə dövlət başçısı Luis Arse "Telegram" kanalında məlumat verib.
Arse hadisəni Boliviya parlamenti tarixinin ən biabırçı səhifəsi adlandırıb. Onun fikrincə, baş verənlər Morales tərəfdarlarının dialoq istəmədiyini təsdiqləyir.
"El Deber" qəzetinin məlumatına görə, Moralesin tərəfdarları Arsenin çıxış etməli olduğu iclasdan əvvəl parlament daxilində iğtişaşlar törədiblər. O cümlədən, vitse-prezidentə və hazırkı dövlət başçısını dəstəkləyən partiya üzvlərinə pomidor və müxtəlif əşyalar atıblar. Hadisədən sonra Arse çıxışını parlamentin qarşısındakı meydana davam etdirib.
Xatırladaq ki, Arse və Morales arasında münaqişə son aylarda şiddətlənib. Üç həftə ərzində eks-prezidentin tərəfdarları ölkədə yolları bağlayıblar. Oktyabrın 30-da Arse onların hərəkətlərindən dəymiş ziyanın 1,7 milyard dolları keçdiyini bildirib.
Arse 2020-ci ilin oktyabrında keçirilən prezident seçkisində Morales tərəfindən dəstəklənib. Lakin sonradan siyasətçilər arasında fikir ayrılığı yaranıb.