Səkkiz qol və doqquz məhsuldar ötürmə: Rodri "Qızıl top"a layiq idi?

1956-cı ildən etibarən təqdim edilən və futbol dünyasının ən prestijli fərdi mükafatı olan "Ballon d'Or" - "Qızıl Top" növbəti dəfə sahibini tapdı. Artıq 68-ci dəfə təqdim edilən bu mükafat "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə qismət oldu. 2023/24 mövsümünün və ötən yayın daxil olduğu periodun ən yaxşısı olaraq seçilən Rodri meydanda taktiki zəkası, soyuqqanlı oyunu və komandaya misilsiz dəstəyi ilə futbol tarixində yeni bir iz buraxdı.

"Kaspi" qəzetinin budəfəki yazısı Rodrinin "Qızıl top" mükafatı qazanmasına və bunun ətrafında yaranmış mübahisələrə həsr olunub.

Rodri ötən mövsüm "Mançester Siti"nin uğurlarında əhəmiyyətli pay sahibi idi. İngiltərə Premyer Liqasında komandasının çempionluq qazanmasında böyük payı olan yarımmüdafiəçi təkcə müdafiə keyfiyyətləri ilə deyil, həm də hücumda effektivliyi ilə fərqləndi. O, 34 qarşılaşmada səkkiz qol və doqquz məhsuldar ötürmə ilə yadda qaldı. UEFA Super Kubokunu qazanan Ropdrinin komandası Çempionlar Liqasında 1/4 final oynadı. Lakin bu turnir tarixinin şəriksiz ən güclüsü "Real Madrid" kimi rəqiblə üz-üzə qalmaq bəzən hətta ən yaxşılar üçün də nəticənin başqa cür bitməsinə səbəb ola bilir. Nəticədə Rodrili "şəhərlilər" gələcək çempionla mübarizədə dayanmalı oldular.

Rodrinin ən parlaq dövrü bu ilin yay aylarında İspaniya millisi ilə Avropa çempionluğunu qazanması oldu. Luis de la Fuentenin rəhbərliyində formalaşan yığmanın əsas simalarından olan Rodri komanda üçün həyati əhəmiyyət daşıyan fiqurlardan idi. O, hər matçda sanki meydanın sahiblərindən biri oldu və müdafiə planındakı effektiv çıxışı, ağıllı ötürmələri sayəsində oyunun gedişatına istiqamət verməsi ilə fərqləndi. Beləliklə o, İspaniya millisinin yekun qələbəsində mühüm rol oynadı.

Rodrinin Avropa çempionluğuna nail olması onun dəyərini daha da artırdı. Yay aylarında transfer bazarında qiyməti 90 milyon avrodan 130 milyon avroya yüksəldi və İspaniya futbol tarixində ən dəyərli oyunçulardan biri oldu. Bu, sıradan bir nəticə deyil, əslində Rodrinin oyun əhəmiyyətinin nə dərəcədə böyük olduğunu bir daha göstərdi.

Bu il "Qızıl Top"a namizədlər arasında əsas rəqabət Rodri ilə "Real Madrid"in və Braziliya yığmasının vingeri Vinisius Junior arasında gedirdi. Hər iki futbolçu mövsüm boyunca yüksəksəviyyəli performans nümayiş etdirdilər. Yekunda Rodri qalib seçildi, Vinisius isə ikinci yeri tutdu. İlk "üçlüy"ü Madridin digər gənc ulduzu Cud Bellinqem tamamladı. Dördüncü sırada "kral klubu"nun daha bir oyunçusu Dani Karvaxal yer aldı. Beşinci yer Rodrinin komanda yoldaşı Erlinq Holanda qismət oldu.

Yekun sıralama "Real Madrid" cəbhəsində məyusluğa səbəb oldu və hətta klub mükafatlandırma mərasimini boykot edərək öz etirazını bildirdi. Çünki onların fikrincə, Vinisius mükafata daha çox layiq idi.

"Qızıl top"un sahibinin seçilməsi zamanı hansı meyarların əsas götürülməsinin aydın olmaması müzakirələri kəskinləşdirən əsas amildir. Mükafat fərdi bacarıqlara görə verilməli, yoxsa oyunçunun qazandığı titullara daha çox əhəmiyyət verilməlidir? Bu sual futbol dünyasında tərəfdarları iki yerə bölür. Vinisius fərdi performansı ilə diqqətləri cəlb edərkən, Rodri kollektiv oyun və qazandığı titullarla önə çıxdı. Hətta bəzi mütəxəssislər bu mükafatın Dani Karvaxala verilməli olduğunu da iddia edirdilər, çünki o, həm Çempionlar Liqasının qalibi olmuş, həm də Rodri kimi Avropa çempionluğunu qazanmışdı.

"Real Madrid" azarkeşləri və klub rəhbərliyi UEFA ilə aralarında olan gərginliyin seçimlərə təsir göstərdiyini iddia edirlər. Onların fikrincə, Super Liqa layihəsi ilə bağlı çəkişmələr "Qızıl Top" seçimində də nəzərə alınıb. Bu iddiaları gücləndirən məqamlardan biri də mükafatlandırma mərasiminin təşkilati işlərində "France Football" ilə birgə UEFA-nın da iştirak etməsidir.

Ümumiyyətlə, seçim əsaslı mükafatlandırmalarda heç də hər kəsin razı qalmadığı çoxdan məlum olan faktdır. Rodrini, Vinisiusu, hətta Karvaxalı daha layiq hesab edənlərin hər birinin haqlı arqumentləri var. Lakin Vinisiusun Braziliya millisi ilə Amerika Kubokunda uğursuzluğa düçar olması, Karvahalın İspaniya yığmasında və ya "Real Madrid"də əsas lider olmaması kimi əks-arqumentlər də irəli sürülə bilər.

Bəlkə də builki mükafat futbolda uzun müddətdir sürən fərdi bacarıq ilə kollektiv zəfər arasında olan gərginliyi göstərən bir simvol olaraq qalacaq. Amma hər nə olursa-olsun, Rodri artıq futbol dünyasının "Qızıl Top"u ilə taclandırılan əbədi qalibləri sırasına qoşuldu və bu, onun gələcəkdə xatırlanacaq ən böyük uğurudur.

0.096544981002808