Bakıda məktəbin 12 gündür uçan hasarı hələ də təmir edilməyib - Qurum məsələyə aydınlıq gətirdi

Bakı şəhərində yağan intensiv yağışlar səbəbindən Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbin uçmuş hasarı hələ də təmir edilməyib.

Xeber-ps.com xəbər verir ki, bu barədə məlumat sosial mediada yayılıb.

Qeyd olunub ki, sözügedən hadisədən 12 gün keçməsinə baxmayaraq, hələ də bərpası istiqamətində işlər görülməyib:

"Hasar oktyabrın 21-də axşamdan başlayan leysan ərəfəsində dağılıb. Lakin hadisədən 12 gün keçsə də, hasarın yenidən qurulması üçün iş görülməyib. Hasarın dağılan hissəsi demək olar, məktəbin əsas girişi ilə üzbəüzdür və uşaqlar bura tez-tez yaxınlaşır. Bundan başqa, hasarın digər hissəsinin də aşmaq təhlükəsi var".

Həmçinin məlumatda bildirilib ki, bu hal beş il əvvəl avqust ayında da güclü yağıntı zamanı da baş verib.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətdə saxlanılır, yaxın günlərdə bərpasına başlanacaq.

Qeyd edək ki, ötən gün sözügedən hadisə barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq vurğulanmışdı ki, 19-22 oktyabr tarixlərində yağan intensiv yağışlar səbəbindən təhsil müəssisələrində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Sözügedən məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yenidən sorğu ünvanlanıb.

Xatırladaq ki, sözügedən yağışlar nəticəsində Mərdəkan qəsəbəsində yerləşən həyətyanı ərazisini əhatə edən hasarın da bir hissəsi uçmuş, tədris prosesi müvəqqəti dayandırılmışdı.

Aygün Mirakif

0.27702713012695