Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Qətnamədə diqqəti çəkən əsas məqam Azərbaycandan Avropa İttifaqına qaz tədarükü ilə bağlıdır. Belə ki, parlamentin deputatları Azərbaycandan Avropaya qaz tədarükünün dayandırılmasını tələb edirlər. Maraqlıdır ki, Avropa ölkələri Azərbaycan qazını öz istəkləri ilə ölkəmizdən əldə edir və bunun dayandırılması ilk növbədə Avropanın öz əleyhinədir. Lakin parlamentin, xüsusən də erməni lobbisindən maliyyələşən deputatları sırf Azərbaycana təzyiq etmək üçün qitənin əleyhinə olsa belə, istənilən addımı atmağa hazırdırlar.
Mövzunu Xeber-ps.com-a dəyərləndirən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinin əsl səbəbi ölkəmizə təzyiq göstərmək və onun Aİ və Avropa ölkələri ilə bağlı xarici siyasət kursuna təsir etmək məqsədilə həyata keçirilən böyük bir kampaniyanın tərkib hissəsidir:
"Məlumdur ki, Avropa Parlamentində təmsil olunan deputatların müəyyən bir hissəsi öz fəaliyyətlərini erməni lobbisinin maraqlarının təmin edilməsi istiqamətində qurub. Çünki məhz həmin lobbinin dəstəyi nəticəsində onlar Avropa Parlamentinə seçilir və bundan sonra onların maraqları kontekstindən çıxış edərək Avropa İttifaqının Azərbaycanla bağlı kursuna təsir etməyə və Azərbaycanın Cənubi Qafqazda daha gərgin müstəvidə olmasına çalışırlar. Təbii ki, bu hadisələr fonunda da Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də digər aspektlərdə zəiflədilməsinə səbəb olacaq bir siyasət yürütmək istəyirlər. Lakin bu kimi cəhdlər əbəsdir".
"Avropa Parlamentində, Aİ müstəvisində ələlxüsus Fransa kimi dövlətlər bu səpkili qətnamələrin qəbul olunmasına səy göstərirlər. Erməni lobbisinə bağlı olan tərəflərin başqa bir siyasəti də Fransanın yeni müstəmləkəçilik siyasətinə bu və ya digər formada müdaxilə edən gücləri zəiflətməyə çalışmaqdır. Çünki Azərbaycan bir çox müstəvilərdə, o cümlədən Qoşulmama Hərəkatı və digər platformalarda beynəlxalq hüququn tələblərindən irəli gələn mövqe ortaya qoyur ki, bu da tam bərabərhüquqlu siyasətdir və beynəlxalq hüququn fundamental prinsiplərinin təmin olunması istiqamətində insani dəyərlərdən irəli gələn yanaşmadır. Ölkəmizin hadisələrə bu istiqamətdə münasibət bəsləməsi də Fransa və Avropa Parlamentinin müəyyən laylarında mənfi qarşılanır", - deputat vurğulayıb.
Bununla yanaşı, müsahibimiz bu yanaşmanın bütövlükdə Avropa İttifaqının mövqeyi olmadığını hesab edir:
"Çünki Aİ-yə daxil olan Avropa Komissiyası var ki, Azərbaycanla çox sıx münasibətdədir. İki il öncə AK sədri Ursula fon der Lyayenin Azərbaycana səfər etməsi və enerji təhlükəsizliyi ilə bağlı saziş imzalanması da bunun sübutudur. Bütün bu siyasət ona yönəlib ki, Ursula fon der Lyayen həmin sazişi ləğv etsin və bununla həm də Azərbaycanın enerji təhlükəsizliyinin qarantı olduğu ölkələr sırf Aİ-dən asılı vəziyyətə düşsünlər".
"Bu yaxınlarda İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim İtaliya Qardaşları Partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunan qətnaməni sərt şəkildə tənqid edib. Eyni mövqeni Macarıstan nümayiş etdirir. Digər dövlətlər də bu prosesdə yaxından iştirak edirlər. Nəticə etibarilə Avropa İttifaqı müstəvisində elə laylar var ki, hərəkətə gəlir və Avropanın mərkəzçi siyasətinə qarşı çıxırlar. Aİ-də isə bunu xoşlamırlar, çünki Aİ-yə üzv olan yeddi ölkə bilavasitə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edir, həmin dövlətlərin qazla təchizatı Azərbaycanın hesabınadır. Bundan başqa, Aİ-yə üzv olmayan üç Avropa ölkəsi də Azərbaycanın qaz təchizatından yararlanır. Bəzi hallarda isə Azərbaycan Fransa prezidenti kimi şəxslərin şəxsi maraqlarına zidd getdiyi üçün belə bəyanatların şahidi oluruq", - Allahverənov vurğulayıb.
O əlavə edib ki, bütün bunlara rəğmən, Azərbaycanın nüfuzu artır:
"Ölkəmiz beynəlxalq layihələrdə iştirak edir, eyni zamanda, bərabərlik prinsipi əsasında strateji tərəfdaşları və müttəfiqləri ilə praqmatik siyasət yürüdür. Bu prosesin də qarşısını almaq mümkünsüzdür. Çünki Azərbaycanın irəli sürdüyü təşəbbüslər dünya dövlətləri tərəfindən ən yüksək səviyyədə dəstəklənir, bir çox platformalarda ölkəmizin iştirakı xüsusilə arzu edilir. COP29-un da məhz Azərbaycanda keçirilməsi üçün 200 dövlətin müsbət qərar verməsi ölkəmizin nüfuzunun bariz nümunəsidir".
Mərahim Nəsib