Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb - RƏSMİ

Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri də erkən nikahlarla bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda da belə halların sayı az deyil.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 1.5-ci maddəsində isə qeyd olunur ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil.

Azərbaycanda nikah yaşı 18-dir və bu yaşdan aşağı şəxslərin ailə qurmasına icazə verilmir.

Modern.az cari il ərzində qarşısı alınan erkən nikahların sayı ilə bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, komitəyə, eləcə də komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və uşaq evliliyi ilə bağlı məlumat daxil olan kimi həmin mərkəzlərin, yerli icra hakimiyyətlərinin və polisin nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür:

"Cari il ərzində Dövlət Komitəsinə erkən evliliklərlə bağlı 16 müraciət daxil olub. Müraciətlər araşdırılıb. Ümumilikdə 16 müraciətdən 11-nin qarşısı alınıb, birinin əsassız olduğu müəyyən edilib".

Verilən məlumata görə, bununla yanaşı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən il ərzində erkən nikah və uşaq evliliyi ilə bağlı 15 ailə səfəri olub:

"Onlardan 10-u Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və nikaha məcbur etmə ilə bağlı daxil olan müraciətlər əsasında, ikisi uşaq evliliyi ilə bağlı mediadan daxil olan müraciətlər əsasında olub, üç erkən nikah halı isə Mərkəzlər tərəfindən aşkarlanıb. Ailə səfərləri nəticəsində yeddi erkən nikah halının qarşısı alınıb, dörd müraciət əsassız hesab olunub (erkən nikah halı aşkarlanmayıb).

Eyni zamanda, Dövlət Komitəsi və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən nikah və uşaq nikah faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, nikahın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür".

0.063858985900879