18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Xeber-ps.com xəbər verir ki, Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-yə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-yə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, beş sifarişli yayım xidməti provayderi, iki multipleks operatoru, 53 platforma operatoru mövcuddur.