Füzulinin işğaldan azad olunması ilə tarixə düşən 17 oktyabr artıq ölkəmizdə Füzuli Şəhəri Günü kimi qeyd edilir.
Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşım edib.
"Ali Baş Komandanın əbədiləşdirdiyi bu tarix keçmişlə gələcək arasında bir körpü yaradır. Elə bir körpü ki, qəhrəman və tərəqqipərvər xalqımızı daha sıx tellərlə birləşdirir, işıqlı gələcəyə böyük ümid verir.
Bu gün Füzulidə aparılan genişmiqyaslı tikinti və quruculuq işləri, sakinlərin öz doğma yurdlarına mərhələli köçü bu inamın ilk işartıları kimi hər birimizə sonsuz fərəh hissi bəxş edir" , - deyə Anar Quliyev vurğulayıb.
Komitə sədri bu əlamətdar gün münasibətilə paylaşdığı videoçarxda müasir Füzulinin quruculuq işlərindən bəhs edən kadrları təqdim edib.
"Böyük Qayıdış" proqramının böyük hədəflərinə uyğun olaraq, Füzuli sürətlə dirçəlir və inkişaf edir. Şəhərdə əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri inşa olunur. Yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil və səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Şəhər yenidən canlanaraq sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Füzulinin yeni siması göz oxşayır... Və indi o qalıb ki, insanlar burada rahat yaşasınlar".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz növbəsində bu gözəl arzulara qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir:
"Şəhər Gününüz mübarək, əziz füzulililər!" ,- deyə Anar Quliyev bildirib.