İran hakimiyyəti adamlarını qoruya bilmir - Onlar satılırlar?

HƏMAS-ın İsrailə hücumu regionda kimin kim olduğunu bir daha təsdiqləyib. Bu hadisə təhlükəsizlik qüvvələrinin fəaliyyəti üçün də lakmus rolunu oyanıb. Başqa sözlə, qarşıdurmada kəşfiyyatın gücü və dəqiqliyi də tərəflərin üstünlük əldə etməsinə yardım edir.

Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutda "Hizbullah"ın mərkəzi qərargahını bombalaması nəticəsində təşkilatın baş katibi Həsən Nəsrullahla yanaşı, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Əməliyyat Komandanlığının komandir müavini olan general Abbas Nilforuşan, "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Karaki, Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi İbrahim Huseyn Cazini, Həsən Nəsrullahın məsləhətçisi Samir Taufik Diab, "Hizbullah" qüvvələrinin formalaşdırılmasına məsul şəxs Abd əl-Əmir Məhəmməd Siblini, "Hizbullah"ın atəş gücünə məsul şəxs Əli Navaf Əyyub da ölüb. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Həsən Nəsrullahın ən yaxın adamlarından sayılıb.

Sentyabrın 30-da isə Suriya ordusu 4-cü zirehli tank diviziyasının komandiri, Bəşşar Əsədin kiçik qardaşı general Mahir əl-Əsəd İsrail bombardmanı nəticəsində ölüb. Məlumata görə, İrandan Livana silah-sursat və raketlər bu hərbi birləşmə tərəfindən ötürülürmüş.

"Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Karaki 2009-cu ildə Bakıdakı İsrail səfirliyinə terror hücumu planlaşdırarkən ovaxtkı MTN tərəfindən tutulub. 15 il həbs cəzası alan Karaki bir il sonra İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirilib. Sonralar o, "Hizbullah"ın ən yüksək vəzifəlilərindən biri olub.

Yeri gəlmişkən, Abbas Nilforuşan qvardiyanın Əməliyyat Komandanlığının komandir müavini olarkən 2021-ci ilin oktyabrında Araz çayı sahilində keçirilən hərbi təlim zamanı Azərbaycanı hədələyərək bildirmişdi ki, İsrail bəzi qonşu ölkələrdə iqtisadi fəaliyyət adı altında İranla bağlı kəşfiyyat məlumatları toplamağa çalışır: "Biz düşmənlərimizin qonşu ölkələrdə olmasına imkan verə bilmərik. Bu, bizim üçün qəbuledilməzdir və biz öz təhlükəsizliyimizi təmin etməliyik. Bununla əlaqədar olaraq, Sepah quru qüvvələri İranın şimal-qərbində yeni strategiya həyata keçirir. Lazım olan yerdə düşmənlərimizlə vuruşacağıq".

Məsələ Sepah generalının ölümünə acıyıb-acımamaqdan getmir. Bununla qvardiyanın Azərbaycana qarşı da aqressiv ovqatda olduğunu xatırladır.

Bundan başqa, hər iki şəxs Tehranın tapşırığı ilə Azərbaycanı İsrailə qarşı döyüş meydanına çevirmək istəyənlərdən olub. Bu baxımdan, Həsən Nəsrullahın ermənilərə simpatiyası da yadadüşən məsələlərdəndir. Azərbaycan torpaqları işğal altında olanda "Hizbullah" lideri və ona bağlı şəxslər heç vaxt Ermənistanı qınamayıb.

Həsən Nəsrullahın və ətrafındakı İran hakimiyyəti üçün dəyərli və faydalı şəxslərin ölümü sual doğurur. Onların yerləşdiyi əraziləri İsrail necə müəyyən edib? İran və onun tərəfdarlarının kəşfiyyatı bu barədə niyə Tehranı məlumatlandırmayıb? Adamlarını belə asanlıqla itirmək İrana hakimiyyətinin siyasi-hərbi ideologiyasının reallaşmasına mənfi təsir göstərəcək?

Belə nəticəyə gəlmək olar ki, Tehran hakimiyyəti adamlarını qoruya bilmir.

HƏMAS-ın İsrailə qarşı müharibəyə başlaması, yaxud savaşması hərəkat üzvlərinin qurban verilməsinə daha çox oxşayır. Çünki İsrail bu savaşda tək deyil. ABŞ və Böyük Britaniya onu dəstəkləyir, yardım edir. Bu halda sual yaranır - dünyanın bir nömrəli ordusuna qarşı HƏMAS-ı müharibəyə təşviq etmək onu güdaza vermək deyilmi? Bu, təkcə HƏMAS-ı deyil, həm də Qəzza zolağındakı dinc sakinlərin də qanına bais olmaq, onların evlərindən didərgin düşməsinə şərait yaratmaqdır.

HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin öldürülməsi şəraiti hələ də məlum deyil. Tehranda, prezidentin andiçməsi günü İranın Qəzzadakı ən yaxın adamının qətlində aşkar və gizli mətləblərin olduğu istisna deyil. Tehran hakimiyyəti İsraili qınayır. Yəhudi dövləti isə bu məsələdə məsuliyyəti boynuna götürməyib. Baş nazir Benyamin Netanyahu və hökumətin başqa üzvləri İsrail üçün təhlükə yaradan bütün silahlı və radikal qüvvələri, onların başçılarını xaricdə belə zərərsizləşdirəcəklərini bildiriblər. Bu, İsmayıl Həniyənin qətlinin sifarişçisinin Netanyahu hökuməti ola biləcəyi ehtimalını artırır. Ancaq qətlin o dərəcə dəqiqlikdə həyata keçirilməsi başqa mətləblərə diqqət etməyi vacib edir.

İranın iqtisadi vəziyyəti ağırdır. Prezident Məsud Pezeşkian ölkə iqtisadiyyatının 200 milyard dollar həcmində sərmayəyə ehtiyacı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu məbləğin yarısını ölkədə toplamaq mümkün olsa da, qalan qismi xarici sərmayənin payına düşür.

Ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini isə İranın məşhur futbolçusu, ictimai xadim Əli Dai Tehranda çıxan "Həməşəhri" qəzetinə müsahibəsində çox aydın şərh edib. O bildirib ki, məmurlar Qəzza zolağı, Livan və ya İraq müsəlmanları haqqında düşünür, danışırlar, ancaq hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır.

İran futbol tarixinin bombardiri müsahibəsində 51 nəfərin ölümü ilə nəticələnən Təbəs mədənində baş verən fəlakətdən, iqtisadi problemlərdən, sosial sahədə təminatın olmamasından, küçə oğurluğundan, məmurların səmərəsiz fəaliyyətindən, İran futbolunda korrupsiyadan da danışıb: "Təəssüf ki, o zaman mən prezidentin hadisə yerinə getməsinin videolarını gördüm. Mədənçilər ona problemləri danışdılar. Əgər bununla bağlı dərhal tədbir görülsəydi, belə hadisələr baş verməzdi".

Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin ailələri çörək gətirənləri itirib: "Heç kim hadisə ilə bağlı düzgün cavab vermir. Bu işçilərin ailələri sığortalanmayıb".

Futbolçu fəhlələrin əməkhaqlarının azlığını vurğulayaraq deyib ki, mövcud ağır iqtisadi vəziyyət heç bir dərdi sağaltmayıb: "Bir başsağlığı ilə hər şeyi unuda bilmərik. Biz bu ailələrin yanında olmalıyıq. Bu, hökumətin məsuliyyətidir".

İranın Sistan-Bəlucistan əyalətinin əhalisinin sosial-məişət həyatının ağırlığını yada salmaq da yerinə düşər. Livanda "Hizbullah"ı, Fələstində HƏMAS-ı, İraq "müqavimət hərəkatı" adı altında müxtəlif qüvvələri saxlayan, nüvə silahı yaratmağı qarşısına, deməsə də, məqsəd qoyan Tehran hakimiyyətinin ölkəsinin bu bölgəsində məktəb binaları bir çox kəndlərdə yoxdur. Ona görə dərslər küçədə, açıq havada keçirilir.

Bir müddət əvvəl İran parlamentində "Fələstin və Livanı yedizdirməyin İrana nə faydası var?" deyə etiraz etmişdilər. Gələcəkdə belə çıxışların tez-tez olacağı ehtimalı az deyil.

Sepah rəsmiləri ayrı-ayır dövlət məmurlarının var-dövləti və sərvətlərindən danışaraq bildiriblər ki, onların tabeliyində olan hərbçilərin illik əməkhaqqısını həmin məmurlar bir ayda qazanırlar. Hələ keçmiş müdafiə naziri Əli Şəmxaninin oğlunun qızıl saatından bəhs edənlər də olub.

1994-cü ildə ETTELAAT-ın özünü maliyyələşdirməsi barədə xəbər yayılmışdı. Onda qeyri-rəsmi mənbələr bildirirdi ki, təşkilatı maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Əfqanıstandan İraqa narkotrafiki müşayiət edirmiş. Ola bilər bunu ETTELAAT rəhbərliyi etməyib. Onun tərkibindəki ayrı-ayrı məmurların pul qazanmaq məqsədi bu cinayəti törədikləri qənaətini yarada bilər.

Qərbin sanksiyaları, iddialı nüvə proqramı İranın iqtisadiyyatını daha da ağırlaşdırıb. Bu isə məmurların və əhalinin dolanışıq üçün əlavə qazanc mənbələri axtarmasına səbəb olub.

Odur ki Həsən Nəsrullahın yerləşdiyi ərazinin, yaxud İsmayıl Həniyənin qaldığı binanın koordinatlarını satan var. Bunun isə hakimiyyət daxilindəki, yaxud Sepahdakı qüvvələrin daha dəqiq bildikləri istisna edilmir. Ona görə həmin adamlarla bağlı məlumatı Sepahın sızdırdığı ehtimalı daha böyükdür. Nəzərə almaq lazımdır ki, onlar da pul qazanmaq istəyirlər, alayarımçıq maaşla korrupsioner məmurları qorumağı artıq özlərinə sığışdırmadıqlarından bu yolu tuturlar. Belə hal həm də İranın siyasi-dini ideologiyasının iflası kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, sentyabrda İranın altı əyalətində İsrailə casusluq etməkdə şübhəli bilinən 12 nəfərlik şəbəkə üzvü həbs edilib.

Elə Həsən Nəsrullahıın yerinin Sepah generalı Məhəmməd Baqer Zülqədərin sızdırdığı barədə məlumatın yayılması da təsadüfi deyil. Düzdür, bu məlumatı sonradan təkzib edənlər tapıldı. Ancaq bütün hallarda informasiya sızması diqqəti qvardiyaya yönəldir.

Bu günlərdə ABŞ Dövlət Departamenti qvardiyanın üzvü Şəhram Pursəfi ilə bağlı külli miqdarda pul mükafatı təyin edib. Məlumata görə, "Mehdi Rizayi" adı ilə tanınan Şəhram Pursəfinin həbsinə və mühakiməsinə səbəb olan məlumat üçün 20 milyon təklif olunur. O, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzər keçmiş müşaviri Con Boltona qarşı sui-qəsd cəhdini təşkil etməkdə ittiham olunur. Departament onu "qlobal miqyaslı terrorçu" elan edib. Məlumata görə, o, Sepahın "Qüds" qolunun öldürülmüş komandanı general Qasem Süleymaninin qisasını almaq istəyirmiş.

İran hakimiyyəti, xüsusilə güc strukturları arasında bu məbləği qazanmaq istəyənlər az olmaz...

Hər halda Qasem Süleymanini, Prezident İbrahim Rəisini, İsmayıl Həniyəni, Həsən Nəsrullah kimi "hizbullah"çıları qoruya bilməyən Tehran öz adamları daxilində belə etibarını itirər. Bu isə onun üçün daha faciəli nəticələr verə bilər.

Bir də Tehranın girov qarşılığında məhbusları azad etmək kimi bir adəti də var...

"Report" İnformasiya Agentliyi

0.082903146743774