Separatçıların fəallaşmasının iki səbəbi: "Azərbaycan Ermənistana daha bir tələb qoymalıdır"

"Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Qarabağda erməni separatizminə son qoydu. Buna baxmayaraq, Ermənistana qaçan separatçıların bir qismi yenidən fəallaşmağa çalışır".

Bu sözləri Xeber-ps.com-a separatçıların 19 sentyabrı "artsaxın soyqırımı günü" elan etmələri barədə danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi Samvel Şahramanyan və ətrafındakı qrupun yenidən təxribata əl atmağa başladıqlarını bildirib:

"Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında uğurlu antiterror əməliyyatından sonra Qarabağdakı separatçıların lideri Samvel Şahramanyan "fəaliyyət"lərinə son qoyduğunu yazılı açıqlama ilə yayımladı. Bu, Qarabağ ərazisindəki bütün qanunsuz qurumların fəaliyyətinə aid idi. Separatçılar "hökumət"lərini və "parlament"lərini buraxmış oldular. Şahramanyan və onun bir qrup tərəfdarı Ermənistanda məskunlaşdıqdan sonra mövqelərini dəyişdirdilər və yenidən fəaliyyətlərini davam etdirəcəklərini bildirdilər. Halbuki, Ermənistan hökuməti həmin separatçıların heç bir statusa malik olmadıqlarını bəyan etdi.

Buna baxmayaraq, illər keçdikcə İrəvanda məskunlaşan separatçılar İkinci Qarabağ müharibəsinin nəticələrini unutmağa başlayıblar və təxribatlarını davam etdirməyə qərar veriblər. Separatçıların 19 sentyabrı "artsaxın soyqırımı günü" elan etməsi buna misaldır".

Elxan Şahinoğlu separatçıların fəallaşmasının səbəblərindən bəhs edib:

"Qarabağ separatçılarının fəallığı artırmalarının bir neçə səbəbi var. Birincisi, Qarabağ separatçıları "fəaliyyət"lərini bərpa etməklə dünyadakı erməni lobbisindən və Qərbin müxtəlif fondlarından ianələr toplamağa çalışacaqlar. Onlar Ermənistanda işsiz və maliyyəsiz qalıblar. Ermənistan hökuməti onları maliyyələşdirmir. Bu səbəbdən separatçılar Azərbaycan əleyhinə müxtəlif bəyanatlar verməklə özlərinin var olduğunu göstərməyə çalışırlar.

İkincisi, bununla müxtəlif ölkələrdən siyasi dəstəyin artırılmasına ümid edirlər. Məsələn, ABŞ Konqresinin komitələrinin birində Qarabağla bağlı "dinləmə"lər keçiriləcək və həmin "dinləmə"lərə erməni separatçıların təmsilçiləri dəvətlidirlər. Separatçılar bu kimi "dinləmə"lər vasitəsilə onlara dəstəyin artırılmasına nail olmağa çalışacaqlar. ABŞ Konqresi yenidən Azərbaycan əleyhinə çıxışların mərkəzinə çevrilib. Qarabağda erməni separatizminə son qoyulsa da, ermənipərəst konqresmenlər həmin separatçılara dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar.

Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan separatçılarla görüşmədiyini və Qarabağ məsələsinin bitdiyini söylədiyi halda Konqres separatçıları dirçəltməyə çalışır və bununla Cənubi Qafqazı qarışdırmaq məqsədi güdür. Konqresin bu "dinləmə"lərdən əldə edəcəyi yeganə nəticə ABŞ-Azərbaycan münasibətlərinə kölgə salmaq olacaq. Halbuki, ABŞ-nin milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diktə edir. Konqresdəki mənasız "dinləmə"lər ABŞ-nin milli və təhlükəsizlik maraqlarına ziddir, sadəcə, onlar bunun fərqində deyillər, əsas məqsədləri erməni lobbisinin səsini və pulunu qazanmaqdır. Keçmiş ermənipərəst konqresmen və komitə rəhbəri Robert Menendes məhz korrupsiyasının qurbanı oldu".

Politoloq Azərbaycanın Ermənistandan tələblərini yeniləməli olduğunu qeyd edib:

"Separatçıların fəallaşması Azərbaycan-Ermənistan danışıqlar prosesinə mənfi təsir edəcək. Çünki rəsmi İrəvan, bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, o biri tərəfdən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan separatçıların fəaliyyətlərinə mane olmur. Olmayan "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq aləmin gündəliyinə çıxarılması Azərbaycanın ərazi bütövlüyünə qəsddir. Bu səbəbdən rəsmi Bakının iki - Minsk qrupundan imtina və Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılması tələbinə biri də əlavə edilməlidir: "Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanda erməni separatçıların fəaliyyətini dayandırmalı və bu fəaliyyəti qanundankənar elan etməlidir".

Söhrab İsmayıl

0.098018884658813