"A" planı uğursuz oldu, Ermənistan və müttəfiqləri "B" planına keçirlər - Paşinyanın Qarabağ revanşı

Caliber.az-ın əvvəlki məqalələrində bildirdiyi kimi, Qərbdə, ilk növbədə ABŞ-də "Qarabağ keysi"nin reanimasiyası prosesi fəal şəkildə başlayıb. Bunun sübutu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" mövzusunda keçirilən dinləmələrdir. Bu dinləmələrdə keçmiş separatçı rejimin nümayəndələri, o cümlədən "artsax respublikasının ombudsmanı" kimi təqdim edilən Geqam Stepanyan da iştirak edib. Vaşinqton, Paris və digər paytaxtlarda güman edirlər ki, "Qarabağ məsələsi"ndə Ermənistanı dəstəkləməklə, bir tərəfdən, Bakıya təzyiq göstərə, digər tərəfdən, Cənubi Qafqazda öz mövcudluqlarını gücləndirə biləcəklər.

Qeyd etmək lazımdır ki, İrəvan bu tendensiyaya dəqiq reaksiya verib və bu planın həyata keçirilməsinə fəal şəkildə qoşulub. Təsadüfi deyil ki, Ermənistan son vaxtlar müxtəlif tribunalarda və müxtəlif səviyyələrdə (Paşinyan və Mirzoyan) bəyan edir ki, hətta qısaldılmış formada olsa belə, hər hansı sülh müqaviləsini imzalamağa hazırdır. Xüsusilə, sentyabrın 10-da "İrəvan dialoqları" beynəlxalq forumunun açılışında erməni baş nazir bildirdi ki, Azərbaycana artıq razılaşdırılmış sülh müqaviləsi mətnini imzalamaq təklif olunub və izah edib ki, sənəddə 13 bənd və preambula tam razılaşdırılıb, üç bənd isə qismən razılaşdırılıb.

"Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazır olduğumuzu, mənim hazır olduğumu təsdiq etmək istəyirəm. Biz artıq razılaşdırılmış məsələləri götürməyi, imzalamağı, əsas sənədə malik olmağı və sonra digər məsələlərin müzakirəsini davam etdirməyi təklif edirik", - deyə Ermənistanın baş naziri bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri də onun dediklərini təkrarlayıb.

"Ermənistan Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamağa hazırdır. Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq", - deyə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında bildirib.

Təəccüblü tələskənlikdir, elə deyilmi? Halbuki, bir müddət əvvəl, mayda İrəvanda tamamilə fərqli bəyanatlar səsləndirilirdi. Belə ki, jurnalistlərlə görüşdə Paşinyan qeyd etmişdi ki, müqavilənin imzalanması üçün ondakı bütün (!) prinsiplər razılaşdırılmalıdır.

Daha əvvəl, 2023-cü ildə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azatutyun" radiosunun sualına cavabında bildirmişdi ki, danışıqlarda belə bir yanaşma var: əgər hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə razılaşdırılmayıb.

Bəs əvvəllər bəyan edilənlərə zidd olan Ermənistan tərəfinin "təzə" bəyanatlarının mahiyyəti nədən ibarət idi? Burada nə hiylə var? Təfərrüatı açıqlayırıq.

Onların əsas məqsədi razılaşdırılmamış bəndlərin qaldığı qısaldılmış sülh müqaviləsi ilə Azərbaycanın əl-qolunu bağlamaqdır. Ermənistan rəhbərliyinin planına görə, onlar bu qısaldılmış müqavilənin imzalanmasından dərhal sonra Qərb kuratorlarının dəstəyilə öz planlarının fəal fazasına keçmək - yəni bütün platformalarda Qarabağ ermənilərinin qayıtması, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri, diqqət edin - beynəlxalq strukturların və ya ayrı-ayrı Qərb ölkələrinin (məsələn, ABŞ və Fransanın) iştirakı ilə yenidən aktuallaşdırmaq istəyirdilər.

Lakin Bakı dərhal İrəvanın və Qərb paytaxtlarının planını başa düşdü və qabaqlayıcı addım atdı. Azərbaycanda açıq şəkildə bəyan edildi ki, Ermənistan hakimiyyətinin sülh sazişi layihəsini razılaşdırılmamış müddəaları çıxarmaqla imzalamaq təklifini qəbuledilməz hesab edir. Eyni zamanda, birmənalı şəkildə vurğulandı ki, razılaşdırılmamış müddəaları mətndən çıxarmaqla sülh sazişinin imzalanmasına çağıraraq Ermənistan mövcud problemləri növbəti mərhələyə saxlamağa çalışır. Xüsusilə, dəfələrlə vurğulandığı kimi, Bakı Ermənistanın konstitusiyası ilə ziddiyyət təşkil edən və Konstitusiya Məhkəməsinin qərarı ilə etibarsız sayılaraq biləcək, beləliklə Ermənistanın dövlət qurumları tərəfindən ləğv olunmasına şərait yaradacaq qısaldılmış sülh müqaviləsini imzalamayacaq. Həmçinin, bu sənədi həm Paşinyanın baş nazirliyi dövründə, həm də ondan sonra etibarsız saya bilərlər. Yəni Ermənistan öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları təsbit olunduğu halda Azərbaycanın ərazi bütövlüyünü sənədlə necə tanıya bilər?

Ermənistan və onun müttəfiqləri Azərbaycanın əl-qolunu sülh müqaviləsinin qısaldılmış variantı ilə bağlamaq planının işləmədiyini başa düşdükdən sonra "B" planına keçərək, bundan əvvəl "qayçılanmış" sülh imzalandıqdan sonra səsləndirməyi planlaşdırdıqları məsələləri açıq şəkildə qaldırmağa başladılar. Xüsusilə, mövqeyini sərtləşdirərək və Qərbin dəstəyindən ruhlanaraq, İrəvan "Dağlıq Qarabağ" və "etnik təmizləmə" barədə getdikcə daha çox danışır, revanş barədə daha ciddi düşünür.

Məsələ hər nədirsə, qonşularımızı bir daha xəbərdar etmək istəyirik: siz həm ermənilərin özləri, həm də onların dövlətçiliyi üçün pis nəticələnə biləcək son dərəcə təhlükəli oyun aparırsınız. Ermənistan ABŞ-Fransa qaydaları ilə nə qədər çox oynayırsa, Qərbi Azərbaycan və onun hökuməti mövzusu bir o qədər aktual olur. Ermənistanın ərazilərimizə davam edən iddialarını nəzərə alaraq, Bakı güzgü və ya hətta asimmetrik tədbirlər görülməsi imkanını nəzərdən keçirməlidir.

0.086910009384155