"İslam Şengeni"nin yaradılması nə dərəcədə realdır?

İran prezidenti kimi ilk səfərini İraqa edən Məsud Pezeşkian qonşu ölkədə bir sıra maraqlı və müzakirələrə səbəb olan açıqlamaları ilə yadda qalıb. Buraya İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, "İslam Şengeni"nin yaradılması kimi məsələlər də daxildir.

Bəs "İslam Şengeni"nin yaradılması nə dərəcədə realdır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İslam ölkələri arasında sərhəd nəzarətinin ləğvinin tərəfdarı olduğunu deyən İran prezidentinin fikrincə, bu, Qərbin tətbiq etdiyi sanksiyaları neytrallaşdırmağa kömək edə bilər. "İslam Şengeni" ideyasının orijinal ideya olduğunu tam da söyləmək olmaz. Ondan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. O, "İslam Şengeni"ni yox, əsasən hərbi əməkdaşlığı nəzərdə tutub. Bəs İran Prezidentinin istinad etdiyi Şengen zonası nədir? Qeyd edək ki, Şengen zonası ilə bağlı iki saziş imzalanıb.

Birinci Şengen müqaviləsi 1985-ci il 14 iyun tarixində beş Avropa ölkəsi arasında bağlanıb. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı, Benilüks ölkələri olan Belçika, Niderland və Lüksemburq imzalayıblar. 1990-cı il 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minib. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adı ilə adlandırılıb. Şengen zonası üzrə ikinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanıb. Şengen zonasına hazırda Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Rumıniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, həmçinin İslandiya, İsveçrə, Lixtenşteyn, Norveç daxildir. Bəhs olunan zona müqaviləyə qoşulan Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazidir. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət etmək imkanına malikdirlər.

Daha çox siyasi məqsədlər var

Avropa Şengen sistemi modelinin İslam dünyasında qurulması təsadüfi sayıla bilməz. Məlumdur ki, İran başladığı nüvə proqramına görə ABŞ və digər Qərb dövlətlərinin tətbiq etdikləri sanksiyalar altındadır. Qadağalar İranın zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və bu səbəbdən ölkənin sosial-iqtisadi durumu pisləşib. Bu gün İranda kəskin maliyyə çatışmazlığı müşahidə edilir. Rəsmi Tehran hətta ən zəruri layihələrin reallaşdırılmasına investisiyalar yönəltməkdə çətinlik çəkir. Bütün bunlar azmış kimi, indi də İran Rusiyaya ballistik raketlər satmaqda günahlandırılır. Artıq ABŞ və digər Qərb dövlətləri tərəfindən rəsmi Tehrana qarşı yeni sanksiyaların anonsu edilib. Yeni sanksiyalar paketinin tətbiqindən sonra İranda iqtisadi-sosial vəziyyətin daha da ağırlaşması qaçılmaz hala gələcək. Bunu düşünən Məsud Pezeşkian çıxış yolunu müsəlman ölkələri ilə ticarət əlaqələrini genişləndirməkdə görür. Onun qənaətinə görə, İslam dünyasında Şengen zonasının yaradılması İran və digər müsəlman ölkələri üçün Qərbdən gələn sanksiyaların fəsadlarından qorunmaq imkanı yaradacaq.

Ancaq bu ideyanın yaxın perspektivdə reallaşacağı mümkünsüz görünür. Bunu da şərtləndirən bir sıra amillər var. Ekspertlər bildirirlər ki, Pezeşkianın ideyasını perspektivsiz edəcək mühüm səbəb müsəlman ölkələrinin bir-birindən kəskin fərqlənən inkişaf səviyyəsi və daxili təhlükəsizlik məsələləridir. Açıq demək lazımdır ki, bu gün müsəlman ölkələri həm də daxili təhdidlərlə üz-üzədirlər. Bu səbəbdən, İslam ölkələri arasında Şengen zonası bu gün üçün real görünmür. Müsəlman ölkələrinin əksəriyyəti ona hazır deyil.

"Ərəb Şengen"i artıq reallaşır

Bu arada İran Prezidentinin təklifinin reallaşma şanslarını azaldan məqamlardan biri də ərəb dövlətlərinin artıq illərdir öz aralarında vahid gömrük zonası yaradılması ilə bağlı apardıqları danışıqlardır. Son məlumatlara görə, "Ərəb Şengeni" - Körfəz ölkələri üçün vahid viza ilin sonuna kimi tətbiq ediləcək. Hazırda müqavilənin gələcək tərəfləri turistlər üçün ümumi xidmətlər paketini formalaşdırmaq üçün böyük turizm operatorları, otellər və aviaşirkətlərlə məsləhətləşmələr aparırlar. Söhbət altı ölkədə - Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanda sərbəst hərəkət hüququ verən vizadan gedir.

"Aurora" Yaxın Şərq şirkətlər qrupunun baş direktoru Oksana Kolomiets bildirir ki, belə bir vizanın tətbiqinin əsas bonusu Səudiyyə Ərəbistanının siyahıda olmasıdır, çünki bu ölkə yaxın vaxtlara qədər Yaxın Şərqin ən qapalı ölkələrindən biri olub. Bu viza ümumilikdə müsəlmanlar üçün əlavə imkanlar açacaq ki, müqəddəs Məkkə və Mədinəyə ziyarətlər sadələşəcək.

0.3469021320343