Ölkədə son bir il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım baş verib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin səkkiz ayında bir ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 28 min 723 dollar olub ki, bu da son bir ildə 5 min 656 dollar və ya 24.5% bahalaşma deməkdir. Cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 165 milyon 511 min dollar və ya 74.4%, miqdar ifadəsi ilə 3 864 ədəd və ya 40.1% artıb. 2023-cü ilin yanvar-avqust aylarında isə bir ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub.
Məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında belə münasibət bildirib:
"Əslində, hibrid avtomobillərində bahalaşma olmayıb. Bilirsiniz ki, ötən il ərzində yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılıb. Bu qaydadan sonra ölkəyə istehsal ili daha yeni olan maşınlar idxal olunmağa başlayıb. Yeni maşınların qiymətləri də köhnələrə nisbətən daha bahadır".